30 sentyabr 2025 14:43
78

Tedros Gebreyesus: Maliyyənin azaldılması səbəbindən ÜST çətin bir dövr keçirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çətin dövrlə üzləşir və maliyyənin azaldılması fonunda işçilərini ixtisar etmək məcburiyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Vaşinqtonda Ümumdünya Səhiyyə Təşkilatının Amerika üzrə Regional Bürosunun 77-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib: “Bu, hamımız üçün ağrılı və çətin vaxtdır - biz karyeralarını insanlara xidmət etməyə, işləməyə və COVID-19 pandemiyası zamanı əhəmiyyətli təzyiq altında nəticələr verməyə həsr etmiş bir çox istedadlı və fədakar həmkarlarımızla vidalaşırıq”.

ÜST-nin Baş direktorunun sözlərinə görə, təşkilatda yüksəksəviyyəli menecerlərin və direktorların sayı iki dəfə azalıb. Digər tədbirlər arasında o, “səfərlərin əhəmiyyətli dərəcədə azaldılmasını” göstərib.

Bu ilin may ayında ən böyük donorlardan biri olan ABŞ-ın təşkilatdan çıxmaq qərarından sonra ÜST-ə üzv dövlətlər 2026-2027-ci illər üçün 4,2 milyard avro azaldılmış büdcəni qəbul ediblər, habelə 5,3 milyard avroluq ilkin büdcə təklifinə 21% azalma kontekstində yenidən baxılıb.

ABŞ 2026-cı ildə bu təşkilatda üzvlüyünü rəsmən dayandıracaq.