Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı üzrə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə cari ildə ali məktəblərə qəbul olmuş Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları iştirak ediblər.
Komitə sədri Bahar Muradova şəhid xanımları təbrik edərək onların uğurlarının xalqımıza qürur yaşatdığını bildirib. O, Anım günündə şəhidlərimizin xatirəsinin böyük hörmətlə yad olunduğunu vurğulayıb və şəhid ailələrinin daim diqqətdə saxlanıldığını qeyd edib. Muradova həmçinin “Sən tək deyilsən” layihəsinin 4 ildir uğurla həyata keçirildiyini və ABA-nın bu işə verdiyi töhfəni yüksək qiymətləndirib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə layihəni korporativ sosial məsuliyyət sahəsində ən uğurlu təşəbbüslərdən biri kimi dəyərləndirib, şəhid və qazi ailələri üçün təhsil və inkişaf imkanlarının davamlı dəstəklənəcəyini bildirib.
Görüşdə şəhid xanımları da çıxış edərək göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər, övladlarını güclü və qürurlu vətəndaş kimi böyütməyin vacibliyini vurğulayıblar.
Sonda tələbə adı qazanan şəhid xanımlara sertifikat və hədiyyələr təqdim olunub.