01 oktyabr 2025 11:02
99

ADPU: Müəlliflər tədqiqatdakı süni intellekt məhsulları haqqında açıq məlumat verməlidirlər

Pedaqoji Universitetdə “Elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar” qəbul olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar” qəbul olunub.

ADPU-dan "İki sahil"ə bildirilib ki, bu qaydaların məqsədi Pedaqoji Universitetdə süni intellekt texnologiyalarının tədris və elmi-tədqiqat proseslərində istifadəsini tənzimləmək və bunun etik, hüquqi və akademik dürüstlük prinsiplərinə uyğunluğunu təmin etməkdir.

“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsaslanaraq müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanan qaydalar ADPU-nun bütün strukturları, akademik heyət, inzibati idarəçilər, tədqiqatçılar və bütün səviyyələrdə təhsilalanlarına şamil olunur.

Qaydalara görə, universitetdə süni intellekt tədris və qiymətləndirmənin avtomatlaşdırılması, fərdi tədris planlarının hazırlanması, tədqiqat məlumatlarının təhlili və vizualizasiyası, elmi məqalə və hesabatların hazırlanması, plagiatın aşkarlanması və istinadların avtomatik tərtibatı kimi müxtəlif sahələrdə tətbiq oluna bilər.

Qaydalara əsasən süni intellektin tətbiqi ilə yaradılan nəticələr də müəllifin əqli mülkiyyəti sayılacaq, amma insan tədqiqatçının nəzarəti və təsdiqi ilə qəbul olunacaq. Müəlliflər tədqiqatdakı süni intellekt məhsulları haqqında açıq məlumat verməlidirlər və onlar ADPU-nun antiplagiat qaydalarına əsasən yoxlanılacaq.

Universitetin elmi-tədqiqat fonduna təqdim olunan süni intellekt əsaslı işlərdə müəlliflik hüququ məsələlərinə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında ayrıca baxılacaq. Həmçinin tədqiqat məqsədilə olsa belə, süni intellekt platformalarına şəxsi və korporativ, həssas və ya məxfi məlumatların daxil edilməsi qadağandır.