COP29 və Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın yalnız ekoloji sabitlik uğrunda deyil, həm də qlobal həmrəylik, sosial məsuliyyət ideyalarının həyata keçirilməsinə mühüm töhfə verdiyini sübut etdi
Azərbaycanın COP29-a ev sahibliyi etməsi müasir dövrün ən mühüm ekoloji və diplomatik hadisələrindən biri kimi tarixə düşdü. Dünyanın diqqətinin Bakıya yönəldiyi həmin dövrdə qəbul olunan qərarlar yalnız qlobal iqlim mübarizəsinə yeni nəfəs gətirmədi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirdi. COP29-un nəticələri sırasında xüsusilə “Bakı Xəritəsi”nin hazırlanması və qlobal iqlim maliyyələşməsi ilə bağlı razılaşmanın əldə olunması beynəlxalq diplomatiya tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənəd gələcək illərdə iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyə sütunlarını müəyyənləşdirərək ölkələrin üzərinə konkret öhdəliklər qoydu. Beləliklə, Azərbaycan həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi yeni bir mövqeyə yüksəldi.
COP29-un açdığı cığırlar
COP29-un qəbul etdiyi qərarlar sırasında 2030-cu ilədək iqlim maliyyələşməsinin artırılması ilə bağlı beynəlxalq öhdəliklərin təsdiqi xüsusi vurğulanmalıdır. Bu qərar inkişaf etməkdə olan ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatması üçün həyati əhəmiyyət daşıyır. Yeni maliyyə mexanizmlərinin yaradılması, texnoloji innovasiyaların tətbiqi və adaptasiya proseslərinin dəstəklənməsi beynəlxalq həmrəyliyin real mexanizmlərini ortaya qoydu. Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilən “ədalətli keçid” anlayışı isə iqlim diplomatiyasına yeni yanaşma gətirdi. Bu anlayış ondan ibarətdir ki, iqlim dəyişmələri ilə mübarizə tədbirləri heç bir ölkənin iqtisadi inkişafını təhlükə altına qoymamalı, əksinə, yeni inkişaf imkanları açmalıdır. Belə bir yanaşmanın qəbul edilməsi Azərbaycanın qlobal miqyasda strateji vizyon sahibi olduğunu göstərir.
Bakı İqlim Fəaliyyəti Həftəsi – COP29 irsinin davamı
Bu uğurların davamı olaraq, paytaxt Bakı 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-dək Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci toplantısına ev sahibliyi etdi. İlk dəfə ötən il keçirilmiş bu tədbir artıq beynəlxalq iqlim diplomatiyasında mühüm platformaya çevrilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunan iqlim həftələri qlobal müzakirələrin regionlara daha yaxın keçirilməsinə imkan verir, iqlim fəaliyyətinə yeni nəfəs gətirir və müxtəlif tərəfləri bir məqsəd altında birləşdirərək həmrəylik mühitini möhkəmləndirir. Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın COP29-da qazandığı uğurlar üzərində qurulmaqla ölkəmizin beynəlxalq imicini daha da gücləndirir. Beləliklə, Azərbaycan yalnız bir tədbirin ev sahibi olmaqla kifayətlənmir, eyni zamanda, davamlı irsi qoruyan, inkişaf etdirən və dünyaya təqdim edən qlobal mərkəzə çevrilir.
Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxış edərək Azərbaycanın strateji hədəflərə nail olduğunu vurğuladı. Qeyd etdi ki, keçən il bu vaxt Azərbaycan COP29-a hazırlaşırdı və bütün dünyanın diqqəti üzərimizdə idi. Çoxtərəfli tərəfdaşlıqların qurulması baxımından COP29 mühüm əhəmiyyət daşıdı və Azərbaycanın təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəkləndi. Bu sözlər əslində Azərbaycanın diplomatik çevikliyinin və uzaqgörən siyasətinin göstəricisidir. Çünki iqlim müzakirələrində əsas məqsəd yalnız ekoloji məsələləri həll etmək deyil, həm də bu məsələləri sosial inkişafla, iqtisadi tərəqqi ilə və texnoloji yeniliklərlə uzlaşdırmaqdır.
Məhz bu nöqtədə iqlim tədbirləri ilə insan inkişafı arasında olan kritik əlaqə ön plana çıxır. Muxtar Babayevin vurğuladığı kimi, iqlim tədbirləri sadəcə emissiyaların azaldılması və texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu tədbirlər insanların sağlamlığı, təhsili, bacarıqları, məşğulluğu və ləyaqəti ilə bilavasitə bağlıdır. Buna görə də COP29 çərçivəsində ilk dəfə İnsan İnkişafı Günü təşkil olundu və iqlim dayanıqlığı üçün insan inkişafı ilə bağlı ortaq təşəbbüs irəli sürüldü. Bu addım iqlim diplomatiyasına humanist ölçü gətirdi. İnsanların rifahı ilə bağlı məsələlərin iqlim gündəliyinə daxil edilməsi Azərbaycanın məsələni yalnız texniki deyil, həm də sosial-humanitar müstəvidə dəyərləndirdiyini göstərdi. Bu yanaşma, həmçinin dayanıqlı inkişafın əsas hədəflərinə uyğun gəlir və Azərbaycanın beynəlxalq siyasətində sosial məsuliyyət prinsipini ön plana çıxarır.
Regional və qlobal əməkdaşlıq mərkəzi
Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyəti bununla bitmir. Tədbir həm regional əməkdaşlığın, həm də qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir. Bu kontekstdə Bakıda 13-17 oktyabr tarixlərində keçiriləcək “D-8 İqlim və Şəhərlər dialoqu” xüsusi önəm daşıyır. Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədovun açıqladığı kimi, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merlər bir araya gələcək. 2020–2030-cu illəri əhatə edən 10 illik D-8 inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri müzakirə olunacaq. Bu isə göstərir ki, Azərbaycan iqlim diplomatiyasını yalnız dövlətlərarası müstəvidə deyil, həm də şəhərlər və bələdiyyələr səviyyəsində inkişaf etdirmək niyyətindədir. Çünki iqlim problemlərinin əksəriyyəti birbaşa şəhərlərlə bağlıdır və bu müzakirələrin şəhər rəhbərlərinin iştirakı ilə aparılması real nəticələrə yol aça bilər.
Azərbaycanın təşəbbüsü ilə yaradılan bu yeni platforma bir neçə mühüm strateji hədəfə xidmət edir. İlk növbədə, şəhərlərin iqlim siyasətində iştirakının artırılması yerli icmaların dayanıqlı inkişaf proseslərinə daha fəal qoşulmasına imkan verir. Digər tərəfdən, D-8 kimi mühüm iqtisadi blok daxilində iqlim məsələlərinin ön plana çıxarılması bu təşkilatın da beynəlxalq səviyyədə nüfuzunu gücləndirir. Azərbaycan isə bu prosesdə təşəbbüskar kimi çıxış edərək həm regional, həm də qlobal diplomatiyada mövqeyini möhkəmləndirir. Beləliklə, Bakının ev sahibliyi etdiyi tədbirlər təkcə ölkəmiz üçün deyil, bütün region üçün yeni imkanlar açır.
İqlim iplomatiyasında aparıcı oyunçu
Azərbaycanın COP29 və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində qazandığı uğurlar bir daha sübut edir ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, iqlim diplomatiyasında isə aparıcı oyunçuya çevrilib. Qlobal iqlim həmrəyliyinin təşviq olunması, ədalətli keçid anlayışının gündəliyə daxil edilməsi və sosial müdafiə ilə iqlim tədbirlərinin əlaqələndirilməsi Azərbaycanın bu sahədə yenilikçi yanaşmalar ortaya qoyduğunu göstərir. Ən əsası isə bu tədbirlər Azərbaycanın beynəlxalq imicinə yeni çalarlar qatır, ölkəmizi həm regionda, həm də dünyada nüfuzlu tərəfdaş kimi tanıdır.
Nəticə etibarilə COP29 və onun davamı olan Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın ekoloji və diplomatik gündəliyində tarixi mərhələ təşkil edir. Bu tədbirlər vasitəsilə Azərbaycan yalnız ekoloji sabitlik uğrunda mübarizəyə deyil, həm də qlobal həmrəylik və sosial məsuliyyət ideyalarının həyata keçirilməsinə mühüm töhfə verir. Gələcək illərdə Bakının beynəlxalq iqlim diplomatiyasının əsas mərkəzlərindən biri kimi mövqeyini qoruyacağı və gücləndirəcəyi artıq şübhə doğurmur. Azərbaycanın təqdim etdiyi təşəbbüslər və həyata keçirdiyi tədbirlər ölkəmizin dünya miqyasında dayanıqlı inkişaf proseslərinin aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradır. Bu isə ölkəmizin həm ekoloji, həm də siyasi-strateji baxımdan qlobal gündəmdə mövqeyini möhkəmləndirən ən mühüm amillərdəndir.
Nigar Orucova, “İki sahil”