03 oktyabr 2025 17:00
137

Məqsədimiz Azərbaycanın kənd turizm potensialını göstərən nümunəvi kənd yaratmaqdır - Elgün Cavadov

"Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turizmin inkişafı istiqamətində əsas prioritetlərimizdən biri kənd turizminin inkişafı olmuşdur. Bu günə kimi, yəni DTA yaradıldığı dövrdən bu günə qədər müəyyən istiqamətləri ayırmışıq. Bunlardan biri əlbəttə ki, kənd əhalisinin məşğulluğunun artırılması və onların məşğulluq qabiliyyətinin gücləndirilməsi istiqamətində vəsaitlərin hazırlanması olub."

Bu fikirləri Astaranın Sım kəndinə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov deyib.

E.Cavadov qeyd edib ki, kənd qonaq evləri üçün bələdçi kitabı hazırlanıb, eyni zamanda aqroturizm təsərrüfatlarının yaradılması üçün ayrıca bir kitabça tərtib edilib ki, bu gün regionlarda keçirilən təlimlər zamanı aktiv istifadə olunur və vəsaitlər insanlarla bölüşülür: "Digər istiqamətimiz təbliğat-təşviqat işləridir. Bu gün Sım kəndinin daha çox tanınmasının əsas səbəblərindən biri də bu istiqamətdə daxili turizm baxımından təbliğat işlərimizi bu kənd üzərində qurmağımız olmuşdur.


Yəni, bu kənd ümumilikdə nümunəvi bir kənd kimi nəzərə alınır. Ümumilikdə isə Azərbaycanın digər turistik kəndlərində biz Sım kəndində olduğu kimi daha yaxşı, daha geniş və ətraflı şəkildə infrastrukturun artırılması ilə bağlı işlər görürük. Bunu da biz Dövlət Turizm Agentliyi olaraq Dövlət Proqramı — Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində edirik."
Qurum rəsmisi bildirib ki, proqrama əsasən turistik kənd konsepsiyasına uyğun kəndlər seçilməli və həmin kəndlərdə infrastrukturun yaradılması tapşırığı qoyulub: "Bu günə qədər bir neçə kənd artıq seçilmiş və onlarla bağlı layihələndirmə işləri həyata keçirilib. Hazırda layihələndirilməsi gedən kəndlərimiz də var.
Bunlara misal olaraq Qusarda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca, Qaxda İlisu, Sarıbaş, həmçinin Cənub regionunda isə Sım və Bibiyoni kimi kəndləri göstərmək olar.
Burada əsas məqsədimiz nədir? Turizm baxımından cəlbedici olan, icması yaşayan və əhali tərəfindən maraq göstərilən kəndləri seçib orada abadlaşdırma işlərini həyata keçirməkdir. Bu da gələcəkdə digər kəndlərə — yəni dövlətin vəsaiti nəzərdə tutulmayan, öz imkanları ilə bu işləri görə bilməyən kəndlərə stimul verəcək ki, buradan əldə olunan nəticələr əsasında onlar da öz təşəbbüslərini reallaşdırsınlar."

E.Cavadov vurğulayıb ki, bu gün Sım kəndində gördüyünüz işlər əsasən infrastrukturun inkişafına yönəlib: "Çünki burada artıq əhali bu işlərlə məşğul olmağa həvəslidir. Apardığımız sorğular da bunu təsdiq edir.


Nəticədə, bu günə qədər kənddə məşğulluqla bağlı müəyyən işlər görülüb. Təndir evləri hazırlanıb, sanitar qovşaq inşa edilib, kənd boyu 32-dən çox məlumat lövhəsi quraşdırılıb, kəndin yolu müvafiq qurumlarla müəyyən dərəcədə düzəldilib. Gələcəkdə kənd içi yolların tamamilə təmiri də nəzərdə tutulur. Bundan əlavə, cari ildə agentliyin qrant müsabiqəsi çərçivəsində iki layihə icra olunur.

Bunlardan biri arıçılıq təsərrüfatının inkişafıdır — nümunəvi arıçılıq təsərrüfatı yaradılır. Digəri isə kənddə bəzi infrastruktur obyektlərinin qurulmasıdır. Məsələn, satış köşkü hazırda tikilir. Bu gün biz açıq hava muzeyini də görəcəyik. Onun gələcəkdə ayrıca binasının inşası nəzərdə tutulur. Həmçinin piknik ərazilərinin yaradılması, uşaqlı ailələr üçün oyun meydançasının salınması planlaşdırılıb. Bütün bunlar qrant layihəsi çərçivəsində DTA-nın maliyyələşdirməsi ilə həyata keçiriləcək.
Ümumiyyətlə, kənddə görülən işlərin nəticəsi olaraq turistlərin sayı xeyli artıb. Vaxtilə buraya il ərzində minə yaxın turist gəlirdisə, artıq indi hər yay ayı ərzində 2000-dən çox turist gəlir. 2017–2019-cu illərlə müqayisədə, son iki ildə tendensiya tamamilə dəyişib.
Bundan sonrakı illərdə də burada mütəmadi olaraq infrastrukturun yaxşılaşdırılması və yenilənməsi nəzərdə tutulur. Xüsusilə kənd içi yolların düzəldilməsi, fasad işlərinin aparılması — kənd evlərinin və küçələrin görünüşünün abadlaşdırılması planlaşdırılır.
Bütün bunların nəticəsində məqsədimiz Azərbaycanın kənd turizm potensialını göstərən nümunəvi bir kənd yaratmaqdır.
Sım kəndi yeganə deyil. Azərbaycanda Sım kimi kifayət qədər gözəl kəndlərimiz var və bizim məqsədimiz həm də odur ki, insanlar kəndlərdə qalıb yaşamağa davam etsin və məşğulluğu özlərinin əsas prioritet istiqamətlərindən birinə çevirsinlər."

Orxan Vahidoğlu, "İki sahil"