Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin gedişatını 28 beynəlxalq təşkilatın və bir sıra ölkələrin seçki qurumlarının nümayəndələri müşahidə ediblər.
Seçkiləri beynəlxalq müşahidə missiyasının tərkibində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov və MSK-nın siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri Fərid Əbilov da yer alıblar.
Mikayıl Rəhimov deyib ki, səsvermə azad, şəffaf və demokratik şəkildə keçirilib.
Onun sözlərinə görə, məntəqələrdə səsvermə zamanı yeni texnologiyaların – elektron səsvermə modelinin tətbiqi xüsusi qeyd olunmalıdır.
“Hesab edirəm ki, elektron səsvermənin Gürcüstanda tətbiq olunması bir uğurdur. Bu həqiqətən də seçki prosesinə inamı, etibarı artıran bir hərəkətdir” – deyə, M.Rəhimov vurğulayıb.
Katib deyib ki, seçki məntəqələrinin böyük əksəriyyətində elektron səsvermə tətbiq olunub. Seçici sayı az olan məntəqələrində isə səsvermə ənənəvi qaydada keçirilib.
MSK katibinin sözlərinə görə, vətəndaşlar sərbəst şəkildə öz seçimlərini edirdilər və bu seçkiləri Gürcüstanın seçki sistemində növbəti uğuru kimi qiymətləndirmək olar.
AZƏRTAC