Göygöl rayonunda “Göygöl Brendi-Konyak Günü” tədbiri keçirilib. Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. Proqram çərçivəsində müxtəlif brendi konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar keçirilib, həmçinin, tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri təşkil olunub.
Qeyd edək ki, Göygöl rayonu kənd təsərrüfatı və turizm sahəsində zəngin potensiala malik olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq ənənələri ilə seçilən bölgələrdəndir.
Tarixi alman irsi ilə iç-içə olan Göygöl şəhəri bu sahədə illərdir formalaşmış istehsal mədəniyyəti və məhsul keyfiyyəti ilə tanınır. Göygöldə şərab istehsalının ilkin tarixi 1860-cı ilə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin yaranmasının və onun sonrakı inkişafının başlanğıcı hesab olunur. Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) "Forer qardaşları" tərəfindən təməli qoyulub. 1895-ci ildə isə "Hummel qardaşları" tərəfindən Helenendorfda konyak zavodu açılıb.
Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.