Çin Böyük Britaniya hökumətinin Çinin siyasi və təhlükəsizlik agentliklərinin əməkdaşlarını və nümayəndələrini “xarici agent” reyestrinə əlavə etməsinə cavab olaraq sərt tədbirlər görəcəyi ilə hədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, Çin rəsmiləri Britaniya Xarici İşlər Nazirliyinə xəbərdarlıq edib ki, belə bir addım iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək.
Böyük Britaniyada Çin qurumları və agentlikləri adından fəaliyyət göstərən şəxslərin "xarici agent" kimi təyin edilməsi 2025-ci ilin iyulunda qüvvəyə minən milli təhlükəsizlik qanununa uyğun olaraq planlaşdırılır.
Qanun Böyük Britaniya Daxili İşlər Nazirliyinə dövlətləri, şirkətləri və ya təşkilatları düşmən və ya yüksək riskli kimi təyin etməyə icazə verir. Bu qurumlarla əlaqəli istənilən fəaliyyət, hətta siyasi əlaqəsi olmasa belə, məcburi ilkin qeydiyyatdan keçməlidir. Bu tələbi pozanları 5 ilə qədər həbs gözləyir.
Bu qayda indiyədək yalnız İran və Rusiyanın maraqlarından çıxış edənlərə şamil edilib.