06 oktyabr 2025 22:56
140

Saf, təmiz hisslərin poeziyada təzahürü

Şair qəlbli insanlar həyatlarında baş verən hər hansı bir hadisəyə qarşı çox həssas olurlar. Belə insanlar sevincli-kədərli anlarının poetik duyğularını şeirə çevirməyə çox meyl göstərirlər. Kimsə ilk şeirini sevməyə başlayanda, kimsə həyatda dostundan və ya sevgilisindən xəyanət görəndə, kimsə sevgisinə cavab almayanda yazır. Bəzən insan çox yaxın bir insanını, təbiətin özü tərəfindən "təşkil olunmuş" tərkibində yüksək sevgi hissləri olan sevimli insanını itirdikdə bütün düşüncəsi yenilənir, emosional duyğuları təlatümə gəlir və şeirlər yazmağa başlayır. Qardaşının, övladının, həyat yoldaşının dünyasını dəyişməsindən sonra şairlik yoluna qədəm qoyanların sayı heç də az deyildir. 

Əsgərov Xəyyam Vaqif oğlu (Xəyyam Avşar) 1975-ci ildə Ağcabədi rayonunun Avşar kəndində doğulub.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini bitirmişdir. 
Ağcabədi rayon İcra hakimiyyətində, Müdafiə Nazirliyinin bölmələrində zabit kimi xidmət göstərib.
Hazırda sahibkarlıq fəaliyyətilə məşğuldur. Ailəlidir, iki övladı var.

 Xəyyam Avşar, bəlkə də, nə vaxtsa şair olacağını, şair kimi tanınacağını heç düşünməmişdi. Günlərin bir günü yaşı əlliyə yaxınlaşan bu insanın anası dünya işığına gözlərini əbədi yumur. Xəyyam çox sevdiyi anasının yoxluğu ilə barışa bilmir və hisslərini sakitləşdirmək üçün bütün dərdini kağızlara köçürür. Günlər ötdükcə dərddən üzü qaralmış vərəqlərin də sayı artmaqda davam edir. Əlbəttə, hələ bu yazılara şeir demək olmazdı. Çünki Xəyyamın şeir janrları, qafiyə, rədif və s. ədəbi janrlar haqqında heç bir anlayışı yox idi. Bir gün tale Xəyyam Avşarı gözəl şeirlərin müəllifi, AYB-nin üzvü, alim-şair Aynur Qafarlı ilə rastlaşdırdı. Xəyyamın yazılarına diqqət yetirən çoxşaxəli yaradıcılığa malik olan və şeiriyyətin müxtəlif janrlarında bir-birindən gözəl şeirlər yazan şair xanım ona müəyyən nüansları izah edir. O gündən sonra Xəyyam doğru-düzgün yazmağa başlayır və köhnə şeirlərinə də əl gəzdirib qaydaya salır.

Xəyyam Avşarın şeirləri içərisində anasına həsr olunmuş şeirlər çoxdur. Ürəyi ana həsrəti ilə alışıb-yanan şair şeirlərinin birinin son bəndində deyir:

   Gülmürəm ki, qəmə hey üz çəkirəm,

   Bircə kərə də yox, lap yüz çəkirəm.

   Həsrətini gecə, gündüz çəkirəm,

   İnan ki, yanına gələrdim, ana.

Digər “Ad günüm” adlı bir şeirinin ilk bəndində də şair anaya müraciət edir:

   Məni doğan ana, hardasan indi?

   Bu gün ad günümdür, ən şad günümdür.

   Sən yoxsan yanımda, mənə çətindi,

   Bəlkə də, mənim ən bərbad günümdür.

Övladın ahıl yaşında da anaya - o müqəddəs varlığa ehtiyacı var. Şairin şad günündə - ad günündə belə, anası yanında olmadığı üçün sevinə bilmir. Həmin şeirin 2-ci bəndində şair bu fikri daha gözəl ifadə edir:

   Qeyd edə bilmirəm doğum günümü,

   Sənsiz kecən günüm zülmətdir, ana.

   Yoxluğun kəsibdir mənim önümü,

   Sevinmirəm xeyli müddətdir, ana.

Xəyyam Avşarın "Bilirəm yerin hardadır" şeiri də anaya aiddir:

   Əziz anam, yoxsa məndən küsmüsən?

   Demirsən ki, mənim balam hardadır...

Şair ritorik sualla başlanan şeirin 2-ci bənddə inkişafını davam etdirərək cavab verir:

   Görən gözlərimdə, vuran qəlbimdə,

   Sən mənim dövr edən saf qanımdasan.

 Xəyyam Avşar anaya çoxlu şeirlər yazmaqla bərabər atanı da unutmur. Onun "Mənim atam" şeiri “İşıq idi yollarıma” misrası ilə başlanır. Şair bənd-bənd bədii təsvir vasitələrindən istifadə etməklə ata obrazını bütövləşdirir. Sonda

   Vermədi heç fələk aman,

   Namərdlik eylədi yaman.

   Qəlbdə yaşar hər bir zaman,

   Mənim atam, mənim atam.

deyərək, şairin fələkdən inciməsini əsaslandırır.

 Xəyyam Avşarın doğma kəndinə, elinə, obasına həsr etdiyi şeirlər də maraq kəsb edir. Onun "Avşar elim, Avşar kəndim" şeiri doğma yurdun qədim tarixini vərəqləyir, indiki zamanından söz açır. Şairin doğma məkana məhəbbətinin böyüklüyünü "Avşarın" şeirində daha aydın görmək olur. Üç bəndlik şeirin son bəndində şair öz şeirini xeyir-dua ilə tamamlayır:

Könlüm xoş gününü gördü, sevindi,

Baxana xoş gəlir növrağı indi,

Xəyyamın qəlbində bir arzu dindi –

Sönməsin heç zaman közü Avşarın

Saf, təmiz hisslər Xəyyam Avşarın şeirlərinin özəyini təşkil edir. Yəqin ki bu hisslər şairin insani keyfiyyətinin poeziyada təzahürüdür.

Əhməd Haqsevər.
AYB-nin üzvü

Xəyyam Avşarın şeirlərindən nümunələri təqdim edirik:

MƏNİ HAMIDAN ÇOX HƏSRƏT İSTƏYİR

Elə yapışıb ki, yaxamdan mənim,

Məni  hamıdan çox həsrət istəyir.

Sevinc, nəşə olub ömrümə qənim,

Məni hamıdan  çox həsrət istəyir.

Əlini boşlamaz heç vaxt əlimdən,

Adı heç düşmədi, inan, dilimdən,

Elə sevinc qapdı hər bir ilimdən,

Məni hamıdan çox həsrət istəyir.

Qoymadı xoşluqla ürəyim dola,

Qoymadı üzümdə  bir gülüş ola,

Qoymadı qəm, kədər qəlbimdə sola,

Məni hamıdan çox həsrət istəyir.

Həsrət ayrılıqla, hicranla birgə,

Süpürür xoş anı əldə süpürgə.

Elə bil sevinclə çıxıbdır cəngə,

Məni hamıdan çox həsrət istəyir.

Günəş ondan qorxub doğmur üzümə,

Şərbət deyil, zəhər qatır sözümə,

Çox sevir, qısqanır məni özümə,

Məni hamıdan çox həsrət istəyir.

Atadan, anadan, oğuldan, qızdan,

"Sevirəm!" söyləyən sevdiyim qızdan,

Qardaşdan, dostlardan - hər vəfasızdan

Məni hamıdan çox həsrət istəyir.

 

QARŞILIQLI SEVGİ

Allahın insana lütfü gərəkdir, -

Sağlamlıq, bir də ki, təmiz məhəbbət!

Məhəbbətlə gözəl olan ürəkdir,

Sağlamlıq gətirər Rəbbə ibadət!

Sevgi Yaradanın özüdür elə,

Qəlbi saflaşdırar, nurla doldurar.

Biri çətinlikdən yorulsa belə,

Allahın eşqiylə ayağa durar.

Allah hər bir kəsin bil, ürəyinə

Məhəbbət, mərhəmət toxumu əkmiş.

Kimisi baxmamış öz bəzəyinə,

Kimisi bəsləmiş, hey zəhmət çəkmiş.

Baxımsız toxumlar bir daşa dönüb,

İnsan qəlbini də daşa döndərib.

Sevgi ocağının alovu sönüb,

Keçən bir ömrü də boşa döndərib.

Qoy nurla, işıqla dolsun sevgimiz,

Öz dar qəfəsində buza dönməsin.

Parlayan bir Günəş olsun sevgimiz,

Daim alovlansın, heç vaxt sönməsin.

Təkcə var dövlətə olmasın sevgi,

Ulu Yaradanı biz sevə bilək.

Daş ürəkdə yorğun qalmasın sevgi,

Sevinər hər arzu, gülər hər dilək.