10 oktyabr 2025 11:33
127

Satınalma zamanı güzəştli düzəlişin tətbiqi məqsədilə malların mənşəyi barədə rəyin verilməsi

“Malın mənşəyi barədə rəy” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarına əsasən, dövlət satınalmalarında iştirak zamanı yerli istehsalçılara dəstək məqsədilə tətbiq olunan 20%-dək güzəştli düzəlişdən yararlanmaq məqsədilə verilir.

Malın mənşəyi barədə rəy sənədi dövlət satınalmalarında iştirak zamanı  yerli istehsalçıların rəqabət imkanlarını gücləndirir və bazarda mövqelərini möhkəmləndirir. Belə ki, eyni satınalmada iştirak edən digər təchizatçıların qiymət təklifləri ilə müqayisədə, rəy sənədini təqdim edən təchizatçının yerli mənşəli məhsullarının qiymətinə satınalma komissiyası tərəfindən 20% güzəştli düzəliş tətbiq edilir. Bu isə dövlət satınalmalarında yerli istehsalın təşviqinə xidmət edir.

Hüquqi və fiziki şəxslər “Malın mənşəyi barədə rəy” sənədini əldə etmək üçün ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinə (İMEM) ərizə ilə müraciət etməlidirlər. Keçirilən ekspertizanın nəticəsinə uyğun olaraq müraciət qəbul olunduğu tarixdən etibarən 5 iş günü ərzində sifarişçiyə malın mənşəyi barədə rəy fiziki formada İMEM-in inzibati binasında təqdim edilir.

Sifarişçi ərizə nümunəsini və müvafiq cədvəlləri doldurduqdan sonra çap etməli, imza və möhürlə təsdiq olunmuş üzünü köçürərək (skan edərək) Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı ilə müəyyən edilmiş aşağıdakı sənədlərlə birlikdə [email protected] elektron ünvanına göndərməli və ya İMEM-in inzibati binasına yaxınlaşaraq əyani təqdim etməlidir:

  • Müraciət ərizəsi;
  • Malın istehsalı üçün istehsal sahəsi, texniki təchizat və işçi heyətin mövcudluğunu təsdiq edən sənədlər;
  • Malın istehsalında istifadə olunan xammal, yarımfabrikat, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən sənədlər;
  • Malın istehsalçısı olmadığı halda, həmin malın əldə edilməsini təsdiq edən sənədlər;
  • Malın adı, miqdarı, hər mal vahidi üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;
  • Şərtlər toplusu;
  • Dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı dərman vasitələri istehsalı ilə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti (dərman vasitələri satınalmaya çıxarıldığı halda);
  • Malın istehsalında iştirak edən yerli işçi qüvvəsinin ümumi sayı barədə məlumat (təsdiq olunmuş).

Malın mənşəyi barədə rəy malın mənşə ölkəsini təsdiq edən sertifikatdan fərqləndirilməlidir. Belə ki, malın mənşəyi barədə rəy dövlət satınalmaları zamanı güzəştli düzəlişin tətbiq edilməsi məqsədilə yalnız yerli (Azərbaycan) mənşəli mallara verilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikat isə Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan bütün mallara (o cümlədən xarici mənşəli mallara) verilir.

Malın mənşəyi barədə mövcud rəy növbəti satınalmalar zamanı etibarlı sayılmır. Belə ki, fərqli tələblərlə hazırlanmış şərtlər toplusu ilə elan olunan satınalmalarda iştirak etmək istəyən təchizatçılar hər satınalma üçün yeni rəy sənədi almalıdır.

Satınalma zamanı güzəştli düzəlişin tətbiqi məqsədilə malların mənşəyi barədə rəyin verilməsi üzrə xidmət haqqının məbləği ödənişli əsaslarla bağlanan müqavilə ilə 250 manat müəyyən edilir  və ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Bu xidmət haqqı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müvafiq əmri ilə tənzimlənir.

Məlumat üçün bildiririk ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində malın mənşəyi barədə rəyin alınması üçün 654 müraciət daxil olub. Bunlardan 492 müraciət təmin olunub.