10 oktyabr 2025 11:59
127

Türk Dövlətləri Təşkilatı: mənəvi-siyasi həmrəylik nümunəsi və ortaq gələcəyə strateji baxış

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadənin "yap.org.az"a müsahibəsini təqdim edirik:

- Pərvin xanım, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü beynəlxalq siyasi gündəmin aktual məsələlərindən birinə çevrildi. Qəbələ Zirvəsində aparılan müzakirələr və səsləndirilən fikirləri hansı reallıqları nümayiş etdirir?

- Oktyabrın 7-də qədim Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Bu mötəbər tədbirdə Türk dünyasının həmrəyliyi və ortaq gələcəyə yönəlmiş siyasi iradəsi aydın şəkildə hiss olunurdu. Qəbələdə keçirilən Zirvə görüşü regionun geosiyasi mənzərəsində yeni mərhələnin başlanğıcını nümayiş etdirdi.

Müasir dünyada qütbləşmə, hərbi münaqişələr və geosiyasi rəqabət fonunda belə bir Zirvənin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu amillər ölkəmizin artan beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və çoxşaxəli xarici siyasətinin məntiqi nəticəsidir. Bu gün ölkəmiz artıq təkcə regional güc deyil, həm də Türk dünyasının strateji inteqrasiyasını təmin edən siyasi mərkəz kimi çıxış edir.

2009-cu ildə Naxçıvanda imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşmış və hazırda TDT adını daşıyan təşkilatın əsası qoyulmuşdur. Bu gün TDT qarşılıqlı hörmət, suverenlik və bərabər tərəfdaşlıq prinsipləri üzərində formalaşan beynəlxalq quruma çevrilib. Qəbələ Zirvəsi isə bu təşkilatın yalnız mədəni əlaqələrlə deyil, həm də konkret iqtisadi, siyasi və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndiyini bir daha sübut edir.

- TDT daxilində iqtisadi inteqrasiyasının strateji əhəmiyyəti nədən ibarətdir?

- Dövlətimizin təşəbbüsləri nəticəsində TDT daxilində iqtisadi inteqrasiya istiqamətində ciddi irəliləyişlər əldə olunub. Prezident İlham Əliyevin Zirvə görüşündə bildirdiyi kimi, Azərbaycan bu günə qədər üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb. Bu sərmayələrin mühüm hissəsi Türkiyəyə yönəlsə də, Azərbaycan, həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradaraq iqtisadi əlaqələrin davamlı inkişafına töhfə verir. Bu faktlar göstərir ki, TDT artıq təkcə siyasi-mədəni birliyi deyil, həm də ortaq iqtisadi maraqların koordinasiyasını təmin edən funksional sistemə çevrilməkdədir.

Zirvədə Prezident İlham Əliyevin səsləndirdiyi mühüm təşəbbüslərdən biri 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifidir. Bu təlimlər əslində hərbi xarakter daşımır, lakin preventiv və koordinasiyaedici məqsədi keçiriləcək. Məqsəd ortaq təhlükələrə kollektiv cavab mexanizmi formalaşdırmaq, müdafiə sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməkdir. Həmin təşəbbüs Türk Dövlətləri Təşkilatının gələcəkdə regional təhlükəsizlik arxitekturasında daha mühüm aktora çevrilə biləcəyini göstərir. Türk dövlətlərinin müdafiə və təhlükəsizlik sahəsində koordinasiyalı fəaliyyəti həm milli suverenliyin qorunmasına, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

- Qəbələ Zirvəsi Türk dünyasının geostrateji yol xəritəsinə hansı yenilikləri əlavə etdi?

- Azərbaycanın son illərdə əldə etdiyi uğurlar TDT çərçivəsində formalaşan birliyin real nəticələrini də gücləndirir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, eləcə də 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyünü tam təmin edib. Bu hadisələr təkcə milli iradə və dövlət suverenliyinin təntənəsi deyil, həm də regionda sülh və ədalətin bərpasına mühüm töhfə olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT tərəfindən Minsk qrupunun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda yeni reallıqların bərqərar olduğunu göstərir. Beləliklə, Azərbaycanın sülh gündəliyi təkcə regionun deyil, bütövlükdə Türk dünyasının və beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.

Qəbələ Zirvəsi bir daha göstərdi ki, Türk dünyasının birliyi ideya səviyyəsində deyil, real siyasətin gündəmindədir. Artıq TDT sadəcə təşkilat yox, ortaq taleyin siyasi platformasına çevrilib. Türk dövlətlərinin eyni masa arxasında toplandığı hər görüş, əslində XXI əsrin yeni geosiyasi xəritəsini formalaşdırmağa davam edir. Bu prosesdə Azərbaycan həm ideya müəllifi, həm də bu ideyanı həyata keçirən aparıcı qüvvələrdən biri kimi tarixə imzasını atır.

1926-cı ildə Bakı türk xalqlarının mədəni və elmi həyatında dönüş nöqtəsinə çevrildi. Burada keçirilən Birinci Türkoloji Qurultay o dövrün çətinliklərinə baxmayaraq, türk dünyasının parlaq gələcəyinə inamın təzahürü idi. Həmin Qurultayda səslənən fikirlər, xüsusilə ortaq dil və mədəniyyət zamanın sınağından çıxaraq bu gün yenidən aktuallıq qazanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə gələn il həmin Qurultayın 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunması türk xalqlarının bu günkü həmrəyliyinə verilən dəyərin göstəricisidir. Bir əsrlik yolun sonunda türk dünyası artıq yeni mərhələyə qədəm qoyub. Türk dövlətləri həm iqtisadi, həm siyasi, həm də mənəvi birliyə doğru uğurla addımlayır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında türk dünyasından gələn dəstək bu birliyin bariz nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda təhsil ocağı, Füzulidə inşa edilən məscid bu qardaş dövlətlərin dəstəyini təcəssüm etdirir. Həmçinin Türkiyə şirkətləri tərəfindən inşa olunan yollar, körpülər və tunellər 100 ilə yaxın əvvəl Bakıda təməli qoyulan fikir birliyinin artıq real əməkdaşlığa çevrildiyini bir daha təsdiqləyir. Yəni, türk xalqları bu ideyaları birgə həyata keçirirlər. 2026-cı ildə paytaxt Bakı yenidən o tarixi səsi dünyaya çatdıracaq, türkün birliyi əbədi, kökü dərin, gələcəyi parlaqdır.