SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf Həftəsi: Enerji keçidinin sürətləndirilməsi” adlı beynəlxalq tədbir təşkil edilib.
“İki sahil” xəbər verir ki, bir həftə davam edən tədbirdə Çin Neft Universitetinin 13 tələbəsi və 1 dosenti, həmçinin BANM-də təhsil alan Banqladeş, Somali, Özbəkistan, Türkiyə və Azərbaycandan olan ümumilikdə 30 tələbə iştirak edib.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Beynəlxalq tədbirin bağlanış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu proqramın iştirakçılar üçün faydalı təcrübə qazandırdığına inandığını bildirib, onlara uğurlar arzulayıb. Rektor həmçinin belə təşəbbüslərin tələbələrin bilik və bacarıqlarının inkişafına, eləcə də beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, proqram çərçivəsində enerji keçidi, bioenerji və süni intellektin tətbiqi kimi aktual mövzular üzrə təqdimatlar edilib, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində sosial-mədəni tədbirlər keçirilib.
Həmçinin, proqram iştirakçıları üçün “SOCAR Green”, bp və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər təlimlər keçiblər.