10 oktyabr 2025 17:40
138

Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünün start tarixi dəqiqləşib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata istinadən xəbər verir ki, qadınların yarışına oktyabrın 14-də “Gəncə” – “Azərreyl” oyunu ilə start veriləcək. Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq. Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək.

Birinci turun “Gənclər” – “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da başlanacaq. FHN-in İdman zalında “Neftçi” – “Ordu”, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” – “Azərreyl” komandaları qarşılaşacaq. Turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, qadınların yarışında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.

Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək - “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər”.

Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. İlk turda “Turan” klubu oynamayacaq.