Münasibətlər adətən sevgi, hörmət və qarşılıqlı anlayış üzərində qurulur. Lakin zaman keçdikcə bu harmoniya pozula, sevgi nəzarətə, qayğı isə manipulyasiyaya çevrilə bilər. Belə vəziyyətdə tərəflərdən biri digərinin duyğularına təsir göstərməyə, davranışlarını idarə etməyə başlayır və nəticədə münasibət tədricən psixoloji gərginlik mənbəyinə çevrilir. Məhz bu psixoloji mexanizmlərə diqqət çəkən psixoloq Aytən Ələkbərova “İki sahil” TV-yə müsahibəsində manipulyasiyanın incə formalarından, emosional asılılığın yaranma səbəblərindən və özünü qəbul etməyin yollarından danışdı.
-Aytən xanım, manipulyasiya dedikdə konkret olaraq nə başa düşülür? Manipulyasiyanın hansı əsas formaları mövcuddur?
-Manipulyasiya insanın qarşı tərəfin davranışına və düşüncələrinə dolayı yolla təsir göstərməsi, onu istədiyi istiqamətə yönləndirməsidir. Bu zaman məqsəd qarşı tərəfin razılığı və ya rifahı deyil, manipulyatorun şəxsi maraqları olur. Manipulyator qarşı tərəfi günahkarlıq hissi ilə üzləşdirə, emosiyalarından sui-istifadə edə, qorxu, narahatlıq və ya sevgi kimi duyğuları yönləndirərək istədiyi nəticəni əldə edə bilər. Əsas məqsəd qarşı tərəfin rifahı deyil, manipulyatorun şəxsi maraqlarının təmin olunmasıdır. Manipulyasiya həm münasibətlərdə, həm iş yerində, həm də sosial mühitdə geniş yayılmış bir fenomendir və onun təsirini anlamaq, sərhədləri qorumaq və özünü qəbul etmək sağlam psixoloji həyat üçün vacibdir. Manipulyasiyanın bir neçə əsas forması mövcuddur. Emosional manipulyasiya zamanı insan günahkarlıq hissi ilə üzləşdirilir, qorxu və ya utanc duyğularından istifadə olunur. Təzyiq və nəzarət forması kiçik qərarlardan başlayaraq qarşı tərəfin davranışlarını idarə etməyə yönəlib. Tərif və tənqid qarışığı vasitəsilə manipulyator bir anda tərif edir, digər anda sərt tənqid edərək qarışıqlıq yaradır. Bəzən insanlar izolyasiya olunur, sosial əlaqələr və dostluq münasibətləri məhdudlaşdırılır. Həmçinin yanıltıcı məlumat və dezinformasiya manipulyasiyanın başqa bir üsuludur ki, bu da qarşı tərəfi faktları düzgün qiymətləndirmək imkanından məhrum edir. Beləliklə, manipulyasiya çox zaman açıq təzyiq olmadan, incə və dolayısı yolla həyata keçirilir və onun təsirini vaxtında fərq etmək insanın emosional sağlamlığı üçün vacibdir.
-İnsanlar niyə bəzən manipulyasiyaya məruz qaldıqlarının fərqində olmurlar?
-İnsanlar bəzən manipulyasiyaya məruz qaldıqlarını fərq etmirlər, çünki manipulyasiya çox vaxt açıq təzyiq deyil, incə və dolayısı yolla həyata keçirilir. Manipulyatorlar qarşı tərəfin emosiyalarından, sevgi və etimad hissindən sui-istifadə edir, onu günahkarlıq, qorxu və ya narahatlıq hissi ilə yönləndirirlər. Bu zaman insan öz davranışlarını təhlil etməyə, sərhədlərini müəyyənləşdirməyə və vəziyyətin düzgün qiymətləndirilməsinə vaxt tapmır. Çox vaxt manipulyasiya ilə qarşılaşan şəxs qarşı tərəfi “yaxşı niyyətlidir” kimi qiymətləndirir, öz duyğularını və ehtiyaclarını geri plana atır. Bu səbəbdən manipulyasiyanın təsiri tədricən artır və fərq edilmədən emosional asılılıq yaranır.
-Toksik münasibətlərdə manipulyasiya necə təzahür edir?
-Manipulyator hər problem üçün qarşı tərəfi günahkar çıxarır və onu emosional təzyiq altında saxlayır. Toksik münasibətlərdə manipulyasiya çox vaxt incə və dolayısı yollarla təzahür edir. Belə münasibətlərdə manipulyator qarşı tərəfin emosiyalarından, ehtiyaclarından və inamından sui-istifadə edərək öz məqsədlərinə çatmağa çalışır. İzolyasiya üsulu ilə qarşı tərəfin sosial dəstəyi azaldılır, ailə və dostlarla əlaqəsi məhdudlaşdırılır. Manipulyator, həmçinin qarışıqlıq yaratmaq üçün tərif və tənqidi qarışdıraraq tərəfi emosional və psixoloji çaşqınlıqda saxlayır. Nəticədə, toksik münasibətdə olan insan özünü dəyərsiz, anlaşılmayan və qərar verməkdə çətinlik çəkən biri kimi hiss edir. Bu proses tədricən emosional asılılıq və psixoloji gərginlik yaradır.
-İnsanlar özlərini manipulyasiyadan necə qoruyə bilərlər? Manipulyasiya ilə üzləşən şəxsin sərhədləri necə qorunmalıdır?
-İnsanlar özlərini manipulyasiyadan qorumaq üçün şəxsi sərhədlərini müəyyən etməli və onları qorumağı bacarmalıdırlar. Bu, insanın öz ehtiyaclarını, duyğularını və limitlərini tanıması, onları açıq şəkildə ifadə etməsi və qarşı tərəfin pozmasına imkan verməməsi deməkdir. Manipulyasiya ilə üzləşən şəxslər üçün bir neçə praktik üsul mövcuddur. Əvvəlcə özünü tanımaq və emosional fərqi görmək vacibdir. Bundan əlavə, “yox” deməyi öyrənmək və sərhəd pozulduqda bunu təmkinlə ifadə etmək, özünüzü günahkar hiss etməmək vacibdir. Etibarlı dostlar, ailə üzvləri və ya psixoloq ilə danışmaq vəziyyəti obyektiv qiymətləndirməyə kömək edir. Həmçinin manipulyativ şəxslə fiziki və emosional məsafə saxlamaq, əlaqəni məhdudlaşdırmaq və ya fasilə vermək də qoruyucu üsullardan biridir. Bu strategiyalar insanın özünü qorumasına, emosional sağlamlığını qoruyub saxlamasına və toksik münasibətlərdən uzaq qalmasına imkan verir.
-İş yerində və sosial mühitdə manipulyasiya ilə necə mübarizə aparmaq olar?
-İş yerində və sosial mühitdə manipulyasiya ilə mübarizə aparmaq üçün əsas strategiyalar arasında özünü tanımaq və sərhədləri qorumaq önəmli yer tutur. İnsan nəyi qəbul edə biləcəyini bilməli və manipulyasiya cəhdlərini vaxtında fərq etməlidir. Aydın və konkret kommunikasiya bu mübarizədə çox təsirlidir. Situasiyalara soyuqqanlı yanaşmaq, emosional məsafə saxlamaq və obyektiv qiymətləndirmə aparmaq vacibdir. Münaqişəli hallarda yazılı qeydlər aparmaq və qərarları sənədləşdirmək, manipulyasiyanın sübutunu göstərmək üçün faydalıdır. Eyni zamanda, etibarlı dəstək şəbəkəsi insanın situasiyanı düzgün qiymətləndirməsinə və manipulyasiya qarşısında möhkəm durmasına imkan yaradır. Bu yanaşmalar iş və sosial mühitdə manipulyasiya ilə üzləşən şəxsin özünü qorumasına, emosional balansını qoruyub saxlamasına və sərbəst qərar verməsinə şərait yaradır.
-Uşaqlıq travmaları insanın manipulyativ davranışlara meylliliyini artıra bilərmi?
-Bəli, uşaqlıq travmaları insanın manipulyativ davranışlara meylliliyini artıran əsas psixoloji faktorlardan biridir. Erkən yaşda sevgi, təhlükəsizlik və qəbul hissinin yetərincə formalaşmaması, uşağın emosional ehtiyaclarını dolayısı yollarla, yəni davranış və emosional oyunlarla təmin etməsinə səbəb ola bilər. Belə insanlar böyüdükdə açıq ünsiyyət və sağlam sərhədlər əvəzinə dolayı təsir yollarını-manipulyasiyanı istifadə etməyə meylli olurlar. Məsələn, uşaq vaxtı duyğularını ifadə etdikdə cəzalandırılan və ya rədd edilən şəxs böyüklükdə başqalarının hisslərini idarə edərək özünü qorumağa çalışa bilər. Yəni, manipulyasiya bəzən öyrənilmiş müdafiə mexanizmi kimi formalaşır insan bunu pis niyyətlə deyil, daxili boşluğu və qorxunu kompensasiya etmək üçün edir. Lakin bu davranış tərzi münasibətlərdə uzunmüddətli zərər yaradır, çünki manipulyasiya emosional yaxınlığı deyil, nəzarəti gücləndirir.
-Manipulyasiya ilə narsissizm və ya dominantlıq meyilləri arasında hansı oxşarlıqlar və fərqlər var?
-Manipulyasiya, narsissizm və dominantlıq meyilləri bir-birinə yaxın görünsə də, mahiyyətcə fərqli psixoloji davranış modelləridir. Onların ortaq cəhəti hər üç halın qarşı tərəf üzərində müəyyən mənada nəzarət və təsir yaratmaq istəyi ilə müşayiət olunmasıdır. Lakin bu təsirin motivasiyası və məqsədi fərqlidir. Manipulyasiya adətən gizli və dolayı təsir formasıdır. Manipulyator qarşısındakının hisslərinə, düşüncələrinə və davranışına təsir edərək öz maraqlarını təmin etməyə çalışır. Burada məqsəd açıq güc deyil, psixoloji üstünlük qazanmaqdır. Narsissizm isə daha çox özünü mərkəzə qoymaq, daim tərif və təsdiq gözləmək, empatiya çatışmazlığı ilə xarakterizə olunur. Narsis şəxs də manipulyasiyadan istifadə edə bilər, amma onun məqsədi nəzarətdən çox öz eqosunu möhkəmləndirmək və “ideal obrazını” qorumaqdır. Dominantlıq meyilləri manipulyasiyadan fərqli olaraq açıq idarəetmə və üstünlük qurmaq cəhdidir. Bu tip insanlar münasibətləri bir növ “güc balansı” kimi görür və öz iradələrini zorla qəbul etdirməyə çalışırlar. Yəni, əgər dominant şəxs açıq şəkildə güc tətbiq edirsə, manipulyator bunu səssiz və psixoloji üsullarla edir, narsiss isə bunların hər ikisindən öz mənlik hissini qorumaq üçün istifadə edə bilər.
Şəmsiyyə Əliqızı, “İki sahil”