15 oktyabr 2025 10:39
116

Dövlət Komitəsinin sədrİ Tərtərdə məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 14-də Tərtər şəhəri “Cümə” və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib. “İki sahil” komitəyə istinadla xəbər verir ki, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.

Komitə sədri qeyd edib ki, din insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə çağıran mənəvi dəyərlər sisteminin tərkib hissəsidir. Lakin bəzi dairələr dinin cəmiyyət üzərindəki təsir gücündən sui-istifadə edərək onu qarşıdurma və parçalanma alətinə çevirməyə cəhd göstərirlər. Bu səbəbdən də, dini maarifləndirmənin gücləndirilməsi, sağlam dini düşüncənin formalaşdırılması müasir dövrdə xüsusilə önəm kəsb edir.

Ramin Məmmədov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər dinlərarası harmoniyanın qorunmasına, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Tolerantlığın, dinlərarası dialoqun daha da möhkəmləndirilməsində, zərərli meyillərin qarşısının alınmasında din xadimlərinin fəallıq nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir. Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, peşəkar inkişafının əhəmiyyətinə toxunan Komitə sədri, eyni zamanda qarşıda duran müasir çağırışları nəzərə çatdırıb.

Görüş din xadimləri ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.