44 günlük haqq savaşımızda 30 il düşmən tapdağında qalan müqəddəs Qarabağımızın azadlığı uğrunda cəsarətlə vuruşub qəhrəmanlıq dastanı yazan Elməddin Gülverən oğlu Əhmədli Biləsuvar rayonu, Təzəkənd kəndində boya-başa çatıb. Vətənin daşına, torpağına ürəkdən sevdalanan Elməddin 24 yaşında canını ona fəda etməklə adını əbədi olaraq tarixə yazıb. Onun bu işıqlı dünyaya gəlib-getməsi az çəksə də, ömrünü xalqına, millətinə həsr etdiyinə görə heç vaxt unudulmaz. Qərinələr keçəcək, gələcək nəsillər onu özünə həyat məktəbi biləcəkdir.
Elməddin aramızdan tez getdi. Qaldı ki, torpağa gömülməyib. Göstərdiyi qəhrəmanlıqla Vətəndən oğul adını qazandı, yeri, əbədi məkanı ürəklər, əlçatmaz, ünyetməz göylər oldu.
Azərbaycanın qeyrətli övladları kimi Elməddin Əhmədli də doğma yurdunun düşmən işğalında qalması ilə barışa bilməyib. Odur ki, orta məktəbi bitirən kimi ordu sıralarına gedib. Vətənə olan müqəddəs borcunu cəbhə bölgəsində yerinə yetirməyə başlayıb. Verilən tapşırıqları düşməndən qisas almaq məqsədilə vaxtında və düzgün görüb. Bu vətənpərvərliyi, eləcə igidliyi, cəsarəti nəticədə Elməddini komandirlərinə, əsgər yoldaşlarına etibarlı silahdaş olaraq sevdirib. Hərbin sirlərinə daha mükəmməl bələd olmaqdan ötrü təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etməklə fərqlənib. Ən əsası isə qəlbi, döyüşkən ruhu Elməddini hər an Qarabağımızın azadlığı naminə vuruşmağa, bəd niyyətli, qana susamış erməni dığalarını məhv etməyə səsləyib. Həmişə də bildirib ki, ulu əcdadlardan miras qalan əzəli yurd yerimiz, müqəddəs Qarabağımızdan murdar ermənin ayağını bir dəfəlik kəsmək bizim vicdan borcumuzdur. Bu yolda canını fəda etmək hər bir Vətən övladı üçün əsl qürur və şərəfdir.
Nəhayət, qeyrətli oğulların arzuladığı, elə onların qanı bahasına müasir tariximizin dönüş anına dönən 2020-ci ilin 27 sentyabr- yağı düşməndən qisas almaq günü gəlib. Vətənə sevdalanan Elməddin heç bir tapşırıq gözləmədən əlində silah yurdumuzun müdafiəsinə atılıb. Qanlı döyüşlərdə yağıya qan qusdurmaqla çiyin yoldaşları ilə tariximizə yeni səhifələr yazıblar. Neçə-neçə uğurlu əməliyyatların qalibi olub Elməddin. Hər qarşı torpaq uğrunda can qoyan igid döyüşçü yağıya sarsıdıcı zərbələr endirməklə şanlı qələbəmizə doğru irəliləyib. Hər savaşda göstərdiyi qəhrəmanlığı yağını ciddi itkilər qarşısında qoyub. Son dəfə Xocavənd rayonu istiqamətində müharibə meydanında şəhidlik zirvəsinə ucalıb.
Döyüş meydanında ölümün gözünə dik baxıb bizlərə zəfər sevinci yaşadan Elməddin Əhmədli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Biləsuvarın igid oğlu Elməddin Əhmədli Vətən uğrunda canını qurban verməklə olduqca şərəfli bir ömür yaşadı. Cismən aramızda olmasa da, onu qəlbimizdə yaşatmaq bizim vətəndaşlıq borcumuzdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü