19 oktyabr 2025 11:13
97

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər ediblər FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. İki gün davam edən səfərin əsas məqsədi muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən struktur islahatları ilə yerində tanışlıq olub. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

“İki sahil” xəbər verir ki,  səfərin birinci günü qonaqlar Hemodializ Mərkəzi və Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirilmiş tədbirdə iştirak edib, eyni zamanda Təcili Tibbi Yardım Xidmətinin inzibati binasına baş çəkərək xidmətin daxili təchizatı yenilənmiş avtomobillərinə baxıb, çağrı mərkəzində quraşdırılmış proqram təminatı ilə tanış olublar. 

Treninq və Simulyasiya Mərkəzinə baxış keçirilib. Burada səhiyyə işçilərinin sertifikasiya prosesinin ilkin mərhələsində keçirilən təlimlər barədə qonaqlara ətraflı məlumat verilib. Daha sonra təmir tikinti işləri davam edən Ağız Diş Sağlamlıq Mərkəzinə baxış keçirilib, burada yaradılması nəzərdə tutulan somatoloji bölmələr barədə məlumat təqdim edilib.

 Ardınca Səhiyyə Nazirliyinin balansına verilmiş tibbi anbar ziyarət edilib, dərman preparatları, tibbi avadanlıqlar və ləvazimatların saxlanma şəraiti ilə tanışlıq həyata keçirilib. Həmin gün həmçinin istismara verilməsi planlaşdırılan Oksigen İstehsalı Müəssisəsində görülən işlərə baxış keçirilib.
Səfərin davamında nümayəndə heyəti Babək rayonu üzrə Qahab  Kənd Ailə Sağlamlıq Mərkəzi, Culfa rayonu üzrə Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzi, eləcə də Ordubad rayonu üzrə Dəstə və Vənənd Kənd Ailə Sağlamlıq Mərkəzlərini ziyarət edib. Mərkəzlərə təhvil verilmiş müasir tibbi avadanlıqlarla, tətbiqinə başlanılmış smart peyvənd sisteminin iş prinsipi ilə bağlı ətraflı məlumat təqdim olunub.
Səfərin ikinci günü nümayəndə heyəti ilk olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı Mərkəzlərinə baş çəkib, burada göstərilən xidmətlərin təşkili ilə tanış olublar. Daha sonra Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası ziyarət edilərək tibb müəssisəsinin infrastrukturunun mövcud normativ tələblərə uyğunluğu müzakirə edilib. 
Səfər çərçivəsində Naxçıvan Sağlamlıq Mərkəzi də ziyarət olunub, burada həyata keçirilmiş yenidənqurma işləri, o cümlədən müasir tipli palatalar, kimyaterapiya bölməsi və yeni yaradılmış əməliyyat otaqları nümayəndə heyətinə təqdim edilib. Həmçinin İctimai Səhiyyə Xidməti və burada yaradılan Peyvənd Mərkəzi ziyarət olunub, mərkəzin ümumi fəaliyyət istiqamətləri barədə məlumat verilib.
 Növbəti mərhələdə Şərur rayonu üzrə Dizə Kənd Ailə Sağlamlıq Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin yeni istifadəyə verilmiş geolokasiyanın təqdimat mərasimi keçirilib və nümayəndə heyəti bu tədbirdə iştirak edib. Daha sonra Xanlıqlar kənd Ailə Sağlamlıq Mərkəzi və Sədərək rayonu üzrə Dəmirçi Ailə Sağlamlıq Mərkəzi də ziyarət olunub, həmin müəssisələrin fəaliyyət istiqamətləri və yaradılmış şəraitlə yerində tanışlıq aparılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində səhiyyə sistemində aparılmış islahatlar, yaradılmış yeni infrastruktur və xidmətlərin təşkili ilə bağlı görülmüş işlər yüksək qiymətləndirilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.