20 oktyabr 2025 23:37
120

Narkomaniya bəşəri bəladır

Lerikdə rayon polis şöbəsinin əməkdaşları vaxtaşırı  təhsil ocaqlarında olur,  gələcəyimizin qurucuları sayılan şagirdlərə zərərli vərdişlərin insan həyatına vurduğu  sağalmaz fəsadlar haqqında ətraflı məlumat verirlər. Növbəti belə tədbir rayonun ən iri yaşayış məntəqəsi Cəngəmiran kənd tam orta məktəbində baş tutub. Burada əsas məqsəd narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı müasir dövrdə daha çox vacib olan  mübarizə üsullardan söhbət açıblar.

Belə ki, Lerik rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ramil Mustafayev, rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, gənclər və idman sektorunun müdiri Natiq İsaqov  və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrin iştirak etdikləri tədbirdə bildirilib ki, heç bir sərhəd tanımayan narkomaniya bütün bəşəriyyəti ən çox düşündürən   və ciddi təhlükə mənbəyinə çevrilən ağrılı sosial əhəmiyyətli  bir problemdir. Narkomaniya həm sağlamlığa, mənəvi və əxlaqi dəyərlərə, həm də sosial-iqtisadi inkişafa ciddi zərər vurur. Bu bəlaya qarşı mübarizə, yeniyetmə və gənclərin maarifləndirilməsi  istiqamətində ümumtəhsil məktəblərində  keçirilən bu cür görüşlər xüsusi əhəmiyyət daşıyır.

Çıxış edənlər, həmçinin  erkən nikah hallarına qarşı mübarizə çərçivəsində həyata keçirilən işlər, bu neqativ halın fəsadları, eləcə kibercinayətkarlığa və onlayn  dələduzluğa məruz qalmamaq üçün görülməli olan təhlükəsizlik tədbirləri ilə bağlı məktəblilərlə ətraflı söhbət aparıblar.  O da xüsusilə diqqətə çatdırılıb ki, dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar, öz gələcəyi düşünən hər bir kəs bu işdə yüksək fəallıq göstərməlidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü