Teymur Mərdanoğlu: Cəmiyyət səviyyəsində bir sıra mexanizmlərin gücləndirilməsinə ehtiyac var
Azərbaycanda 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı”na start verilib. Aylıq tədbirlər planı BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının müddəalarına əsaslanaraq uşaqların hüquq və azadlıqlarının müdafiəsini, onların sosial rifahının təmin olunmasını, eləcə də cəmiyyətdə uşaq hüquqları mədəniyyətinin formalaşdırılmasını hədəfləyir.
Bu təşəbbüsün əsas məqsədi təkcə uşaqların hüquqlarını qorumaq deyil, eyni zamanda, cəmiyyətin diqqətini onların fiziki, mənəvi və psixoloji təhlükəsizliyinə yönəltməkdir. “Uşaq Hüquqları Aylığı” uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, zorakılıq və istismardan qorunması, təhsilə və həyata bərabər çıxışının təmin olunması istiqamətində mühüm sosial çağırış kimi dəyərləndirilir. Aylıq çərçivəsində həyata keçiriləcək tədbirlər uşaqların rifahına, ailə dəyərlərinin möhkəmlənməsinə və gələcək nəsillərin məsuliyyətli və hüquqlarını tanıyan fərdlər kimi formalaşmasına xidmət edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın (20 oktyabr- 20 noyabr) elan olunması ilə bağlı müraciət edib.
Müraciətdə deyilir: “Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.
1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu "Uşaq hüquqları haqqında" Konvensiya (UHK) uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir.
Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.
UHK-nın əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir.
2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaratmışdır ki, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.
Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Ənənəvi olaraq, Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri ölkədə "Uşaq Hüquqları Aylığı" elan edilir.
Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.
Qeyd olunanları nəzərə alaraq, bütün dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları "Uşaq Hüquqları Aylığı"na fəal şəkildə qoşulmağa, uşaqların konstitusion hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməyə dəvət edirəm.
İnanıram ki, aylıq çərçivəsində hər bir təşəbbüs uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin təmininə töhfə verəcəkdir”.
Qəbul edilən qərarlar müasir çağırışlara da uyğunlaşmalıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında qeyd etdi ki, uşaqların hüquqlarının təmin olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi dövlət uşaq siyasətinin əsas prioritetlərindəndir: “Lakin bu gün biz fərqli bir reallıqla qarşı-qarşıyayıq. Müasir dövrdə uşaqların qarşılaşdığı risklər — kiberməkanda təhlükələr, sosial təzyiqlər, informasiya asılılığı, zorakılıq və istismar halları — əvvəlki nəsillərlə müqayisədə daha geniş miqyas alıb. Bu, bizi qəbul etdiyimiz qərarların və gördüyümüz tədbirlərin daim yenilənməsinə, müasir çağırışlara uyğunlaşdırılmasına vadar edir.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində ölkə üzrə müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Maarifləndirici görüşlər, təhsil müəssisələrində interaktiv təlimlər, sosial çarxlar və ictimai müzakirələr uşaqların hüquqları haqqında məlumatlılığın artırılmasına xidmət edir. Bununla yanaşı, uşaq sığınacaqları və sosial xidmət mərkəzlərinin fəaliyyəti hər zamankı kimi diqqət mərkəzində saxlanılır, uşaqların iştirakı və fikirlərinin dinlənilməsi təşviq olunur.”
Teymur Mərdanoğlunun sözlərinə görə, uşaqların məişət zorakılığı və istismardan qorunması üçün isə cəmiyyət səviyyəsində bir sıra mexanizmlərin gücləndirilməsinə ehtiyac var: “Ən vaciblərindən biri məktəb və icma səviyyəsində erkən xəbərdarlıq sistemlərinin formalaşdırılmasıdır. Bununla yanaşı, valideynlər üçün maarifləndirici proqramların genişləndirilməsi, sosial xidmətlərə əlçatanlığın artırılması və anonim müraciət xətlərinin — məsələn, 116111 Uşaq Qaynar Xəttinin — aktiv təşviqi vacibdir. Dövlət Komitəsi olaraq hər zaman bu proses tərəfimizdən aparılır, amma icma və məktəblər səviyyəsində təşviqi çox vacibdir.”
Uşaqların təhlükəsizliyində medianın və cəmiyyətin rolu
Həmsöhbətimiz vurğuladı ki, cəmiyyətin, xüsusilə də medianın rolu bu məsələdə olduqca mühümdür: “Media uşaqlar haqqında məlumatları etik prinsiplərə əsaslanaraq təqdim etməli, zorakılıq halları ilə bağlı məsuliyyətli xəbərdarlıq aparmalı, eyni zamanda, uşaqların uğurlarını və müsbət nümunələri işıqlandırmaqla maarifləndirici rol oynamalıdır.
Nəticə etibarilə uşaq hüquqlarının müdafiəsi yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Hər birimizin vəzifəsi odur ki, uşaqlar sevgi, qayğı və ədalət mühitində böyüsünlər — çünki bu, həm onların, həm də gələcəyimizin təminatıdır.”
Şahnigar Əhmədova, “İki sahil”