22 oktyabr 2025 08:20
116

Praqada elektrik skuterlərinin icarəsi qadağan ediləcək

2026-cı ilin yanvar ayından etibarən Praqada elektrik skuterlərinin icarəsinə qadağa qoyulacaq. Çexiya paytaxtının merinin müavini Zdenyek Qrjib turistlər üçün əlverişli sayılan bu nəqliyyat vasitəsinin səkilərdə xaos yaratdığını bildirib.

“İki sahil” xəbər verir ki, bazar ertəsi şəhər şurasının üzvləri elektrik skuterlərinə dair qaydaların yenidən işlənməsi barədə qərarı təsdiqləyiblər.

“Reuters” agentliyi yazır ki, həm pedallı, həm də elektrik velosipedləri üçün yeni parklanma qaydaları tətbiq olunacaq, lakin bu qaydalar elektrik skuterlərinə şamil edilməyəcək. Bu isə faktiki olaraq şəhərdə onların istifadəsinin sona çatması demək olacaq.

Merin müavininin sözlərinə görə, ictimai məkanları skuterlərin nəzarətsiz hərəkətlərindən təmizləyəcək dəqiq qaydalar hazırlanır. Çox vaxt şəhər mərkəzində turist əyləncəsi kimi istifadə edilən bu nəqliyyat vasitələri səkilərdə və piyada zonalarında xaosa səbəb olurdu.

Son illərdə Avropanın digər məşhur turizm məkanları kimi Praqada da elektrik skuterlərinə nəzarət sərtləşdirilir. Şəhərlər təhlükəsizliklə bağlı ciddi qaydalar tətbiq ediblər. Məsələn, İtaliyada dəbilqə taxmaq və sığorta məcburidir, Paris və Madriddə isə elektrik skuterlərinin icarəsi tamamilə qadağan edilib. Finlandiyada 15 yaşına qədər şəxslərə elektrik skuterlərindən istifadə qadağandır.

Praqa rəsmiləri bildiriblər ki, bu qərar piyadaların çoxsaylı şikayətləri əsasında qəbul edilib.

Velosipedlərin xidmətindən daha geniş istifadəni təşviq etmək niyyətində olan şəhər rəhbərliyi qeyd edib ki, elektrik skuterləri velosipedlərlə müqayisədə daha çox qəza hallarının baş verməsinə səbəb olur.