22 oktyabr 2025 13:11
164

Dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsi yeni mərhələnin əsas prioritetlərindəndir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun rəşadəti və qəhrəman hərbçilərimizin fədakarlığı sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Suverenliyin təmin edilməsi ölkəmizdə yeni reallıqlar yaradıb və bu mərhələdə dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsi əsas strateji prioritetlərdən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti iqtisadi müstəqilliyi daha da dərinləşdirir və milli maraqlara əsaslanan iqtisadi modelin qurulmasına şərait yaradır. Azərbaycan bu gün iqtisadi quruculuq sahəsində böyük uğurlar qazanmış, postkonflikt dövründə ən mükəmməl və çevik inkişaf modeli təqdim etmiş ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionda güclü iqtisadi dayaqlara sahib, davamlı və dayanıqlı inkişaf edən dövlətə çevrilib.

“İki sahil” xəbər verir ki, bu fikirləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oktyabrın 22-də “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O əlavə edib ki, dövlət suverenliyi təkcə ərazi bütövlüyü ilə deyil, həm də daxili və xarici siyasətin müstəqil şəkildə həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın keçdiyi tarixi yol bu baxımdan mühüm nümunədir. Bu gün ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri iqtisadi suverenliyin daha da möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması və milli iqtisadiyyatın qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsidir”, - deyə komitə sədri bildirib.