23 oktyabr 2025 01:58
129

Qitələri birləşdirən körpü... - Orta Dəhliz

Dünyada və regionda baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini daha da artırıb. Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçərək Avropa ilə Asiyanı birləşdirən bu marşrut həm məsafə, həm də zaman baxımından ən qısa, təhlükəsiz və səmərəli nəqliyyat yoludur. Bu xüsusiyyətlər Orta Dəhlizi təkcə tranzit marşrutu kimi deyil, eyni zamanda, beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından vacib platformaya çevirir. Şimal Dəhlizinə nisbətən təxminən 2 min kilometr daha qısa olan bu yol, eyni zamanda, təxminən 5 günlük vaxt üstünlüyü təmin edir. Dəniz yolu ilə müqayisədə Orta Dəhliz daşımaların müddətini 15 gün azaldır. Bundan əlavə, iqlim şəraiti baxımından da digər marşrutlardan daha əlverişlidir. Azərbaycan bu prosesdə mühüm rol oynayır.

Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməklə regionun logistika və kommunikasiya mərkəzinə çevrilib. Hər iki dəhlizin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri dəmir yolları, avtomobil magistralları, limanlar və gömrük sistemlərinin modernləşdirilməsi  Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini daha da möhkəmləndirib. Demək olar ki, Orta Dəhliz və digər strateji nəqliyyat layihələri Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, ölkəmizi regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir.

Oktyabrın 21-də Azərbaycan və Qazaxıstan Prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı keçirilib. Tədbirdə Orta Dəhlizin strateji əhəmiyyəti xüsusi vurğulanaraq bildirilib ki, 2030-cu ilədək Çindən Azərbaycana yükdaşımaların həcminin üç dəfə artması proqnozlaşdırılır. Bu birgə təşəbbüs Orta Dəhlizin regional potensialını genişləndirərək Avrasiya məkanında nəqliyyat əlaqələrinin daha səmərəli və dayanıqlı şəkildə qurulmasına xidmət edir. Son illərdə Orta Dəhlizin geoiqtisadi və strateji əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu artım təkcə regiondakı iqtisadi maraqlarla deyil, həm də qlobal geosiyasi proseslərlə birbaşa bağlıdır. Bir tərəfdən İrana qarşı sanksiyaların sərtləşdirilməsi və Yaxın Şərqdə hələ də davam edən gərginlik Cənub marşrutu üzərindən yüklərin daşınmasında ciddi çətinliklər yaradıb. Digər tərəfdən, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində Avropa İttifaqı ölkələrinin alternativ nəqliyyat marşrutlarına marağı daha da artıb. Bu şəraitdə Orta Dəhliz həm Şərqlə-Qərb arasında təhlükəsiz, həm də səmərəli ticarət körpüsü rolunu gücləndirib. 2024-cü ildə dəhliz vasitəsilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4,8 milyon tona çatıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Bu artım region ölkələrinin, xüsusilə Qazaxıstan, Azərbaycan, Gürcüstan və qardaş Türkiyənin dəhliz boyunca logistika və infrastruktur potensialının gücləndirilməsi istiqamətində gördükləri məqsədyönlü tədbirlərin nəticəsidir. Orta Dəhlizin strateji əhəmiyyətindən bəhs edərkən, qeyd etmək lazımdır ki, bu layihə artıq regional çərçivəni aşaraq qlobal ticarət sisteminin vacib hissəsinə çevrilib. Bu kontekstdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də layihənin əhəmiyyətini xüsusi vurğulayıb. O,  Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxışı zamanı bildirib ki, Orta Dəhliz hər hansı bir marşrutun alternativi deyil, əksinə, Şərqlə-Qərbi birləşdirən əsas arteriyalardan biridir. Nazirin sözlərinə görə, bir müddət öncə bəzi Qərb ölkələri Orta Dəhlizi rəqib nəqliyyat marşrutu kimi qiymətləndirirdilər, lakin bu yanaşma artıq dəyişməkdədir. Hazırda Orta Dəhliz təkcə iqtisadi deyil, həm də siyasi sabitliyə və əməkdaşlığa xidmət edən qlobal platforma kimi qəbul olunur. Orta Dəhliz layihəsinin beynəlxalq miqyasda əhəmiyyətinin artması fonunda Azərbaycanın bu istiqamətdə gördüyü işlər və göstərdiyi siyasi iradə xüsusilə diqqətəlayiqdir. 2022-ci ildən etibarən Qərb dövlətlərinin bu layihəyə fəal şəkildə qoşulması Orta Dəhlizin qlobal əhəmiyyətini daha da gücləndirib.

Nazir  diqqətə çatdırıb ki, Azərbaycan Orta Dəhliz üzrə üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Ölkədə dəmir yolu infrastrukturu köklü şəkildə yenilənib, minlərlə kilometr yeni xətlər çəkilib, 9 beynəlxalq hava limanından 3-ü işğaldan azad olunmuş ərazilərdə inşa edilib. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təxminən 1 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Bununla yanaşı, nazir Zəngəzur dəhlizinin regional və beynəlxalq nəqliyyat sistemində oynayacağı rolu xüsusi vurğulayıb. Bildirib ki, bu dəhlizin tam fəaliyyəti Orta Dəhlizin effektivliyini daha da artıracaq və Mərkəzi Asiyadan Avropaya uzanan ticarət marşrutuna yeni dinamizm qazandıracaq. Hazırda Orta Dəhlizin əhəmiyyəti təkcə iqtisadi sahə ilə məhdudlaşmır, onun sosial və humanitar ölçüləri də getdikcə daha çox ön plana çıxır. Avropa ilə Asiyanı birləşdirən bu dəhliz yalnız yük daşımaları üçün deyil, eyni zamanda insanları, xalqları və mədəniyyətləri birləşdirən mühüm vasitədir.

Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və digər infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri və insan birliyini gücləndirir. Bu dəhlizdən istifadə edən dövlət və özəl sektor nümayəndələri dünya bazarlarına daha geniş çıxış imkanı əldə edir, ticarət dövriyyəsini artırır və iqtisadi inkişafı sürətləndirirlər. Çin, Avropa İttifaqı və ABŞ kimi böyük iqtisadi güclər bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir və onun inkişafını regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından vacib hesab edirlər.

Qeyd edək ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq. Orta Dəhliz çərçivəsində həyata keçirilən iri infrastruktur layihələri beynəlxalq maliyyə qurumlarının da diqqətini cəlb edib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə institutları bu layihələrin reallaşmasına dəstək göstərir. Bu, həm bölgəyə xarici investisiyaların daxil olmasını sürətləndirir, həm də iştirakçı ölkələrin nəqliyyat və logistika imkanlarını beynəlxalq standartlara uyğunlaşdırır. Eyni zamanda, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da mühüm əhəmiyyət kəsb edir. “Bir pəncərə” sistemi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və gömrük əməliyyatlarının avtomatlaşdırılması tranzit proseslərini xeyli səmərəli edir. Bu tədbirlər yalnız operativliyi artırmır, həm də yükdaşımalar zamanı şəffaflığı təmin edir və korrupsiya risklərini minimuma endirir, nəticədə dəhlizin etibarlılığı və rəqabətqabiliyyəti daha da güclənir.

Göründüyü kimi, qlobal ticarətin dəyişən paradiqması fonunda Orta Dəhliz həm geosiyasi, həm də iqtisadi baxımdan getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan bu dəhlizi inkişaf etdirərək, xüsusilə Mərkəzi Asiyadakı türk dövlətləri ilə iqtisadi və siyasi inteqrasiyasını möhkəmləndirə bilir.

Təhlükəsizlik və səmərəlilik məsələləri ilə bağlı artan maraq fonunda Asiya ilə Avropanı birləşdirən strateji körpü olan Azərbaycanın təşəbbüsləri diqqət çəkir. Orta Dəhlizinin yaratdığı  “Bir Kəmər, Bir Yol” Təşəbbüsü ilə yaratdığı sinerji isə regional ticarət yollarını yenidən formalaşdırmaq potensialına malikdir. Beləliklə, Orta Dəhliz vasitəsilə Azərbaycan yalnız tranzit ölkə kimi çıxış etmir, eyni zamanda ,regional iqtisadi inteqrasiyanın mühüm aktoru olaraq öz geosiyasi mövqeyini daha da gücləndirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”