Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 152” ünvanında yeni ərazi partiya təşkilatı təsis edilib.
“İki sahil” xəbər verir ki, keçirilən təsis iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov bildirib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması yeni, müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu: “Bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləməsi də bunun bariz nümunəsidir”.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək müstəqil Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolundan danışıb, partiyanın və rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Əhməd Talıbov yekdilliklə “Heydər Əliyev prospekti 152” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Nigar Məhərrəmova isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
İclasda həmçinin 30-dək şəxsin Yeni Azərbaycan Partiyasına üzv qəbul edilməsi ilə bağlı ərizələrinə baxılıb.