24 oktyabr 2025 00:36
113

Zəfərin, inkişafın və əbədi suverenliyin rəmzi

25 oktyabr Qubadlı şəhərinin işğaldan azad edildiyi, azadlıq ruhunun və dövlətin gücünün təntənəsi olaraq xalqın yaddaşına həkk olunduğu gün kimi tarixə yazıldı

Azərbaycanın müasir inkişaf salnaməsində elə məkanlar var ki, onların adı təkcə coğrafi anlayış deyil, həm də milli iradənin, azadlığın və yenidən doğuluşun simvoludur. Qubadlı bu məkanlardan biridir. İşğalın ağrı-acısını, viran qalan yurdların nisgilini və nəhayət, qələbənin qürurunu bir yaddaşda birləşdirən Qubadlı bu gün müasir Azərbaycanın dirçəliş fəlsəfəsinin canlı təcəssümünə çevrilib. Düşmənin illərlə dağıtdığı torpaqlarda bu gün həyat yenidən canlanır, yollar, evlər, məktəblər və xəstəxanalar inşa olunur, kəndlərə nur, şəhərlərə nəfəs qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan Qubadlı artıq təkcə bir rayon deyil – o, azadlıqdan doğan inamın, ədalətin bərpasının və dövlətin gücünün parlaq simvoludur.

Həm də geosiyasi baxımdan strateji məkan

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu həm tarixi, həm strateji, həm də təbii imkanlarına görə ölkəmizin ən mühüm bölgələrindən biridir. 802 kvadratkilometrlik ərazisi ilə seçilən bu diyarın səthi əsasən dağlıq olsa da, onun torpaqları, çayları və təbiəti hər zaman kənd təsərrüfatı, heyvandarlıq və sənaye üçün əlverişli şərait yaradıb. Qubadlı rayonunun qərbdən Ermənistanla, şimaldan Laçınla, şərqdən Cəbrayılla, cənubdan isə Zəngilanla həmsərhəd olması onu həm coğrafi, həm də geosiyasi baxımdan strateji məkana çevirib. Rayonun kəndlərinin əksəriyyəti Həkəri və Bərgüşad çayları boyunca salınıb və bu çaylar tarix Qubadlının həyat damarları hesab olunub.

Rayonun torpaq fondu 79 min hektardan çoxdur. Ərazidə əsasən qəhvəyi dağ-meşə torpaqları yayılıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi düzənliklər uzun illər boyu bol məhsul verən əkin sahələri kimi tanınıb. İşğala qədər burada 15 min hektara yaxın əkin sahəsi, 850 hektar çoxillik bitkilər, 13 min hektardan çox meşə sahəsi mövcud idi. Təbii sərvətləri ilə də zəngin olan Qubadlıda mərmərləşmiş əhəng daşı, qum-gil, tuf, mişar daşı və hətta əqiq yataqları mövcuddur.

Qubadlıda kənd təsərrüfatı və heyvandarlıq uzun illər boyu əhalinin əsas məşğuliyyəti olub. “Gəyən” və “Yazı” düzlərində, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşən torpaqlarda taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, tütünçülük isə rayon iqtisadiyyatının aparıcı sahələrindən biri kimi formalaşmışdı. Bu məhsuldar torpaqlar, zəhmətsevər əhali və inkişaf edən təsərrüfat rayonu Qarabağ bölgəsinin iqtisadi mərkəzlərindən birinə çevirmişdi.

İşğalın ağrı-acısı və viran qalan yurdlar

Lakin 1988-ci ildən etibarən Ermənistanın təcavüzkar siyasəti Qubadlının taleyinə ağır zərbə vurdu. 1993-cü il avqustun 31-də rayon tam şəkildə işğal olundu. Həmin dövrdə 120 kilometrlik Ermənistan sərhədi boyunca yerləşən bu bölgə həm Qarabağ, həm də Ermənistan istiqamətindən hücumlara məruz qalırdı. İşğal nəticəsində 30 minə yaxın qubadlılı məcburi köçkünə çevrildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət müəssisəsi, 7 məscid, 16 körpü, yüzlərlə təsərrüfat və sənaye obyektləri tamamilə dağıdıldı. Ümumilikdə, Qubadlıda 650 kilometr avtomobil yolu, 4830 kilometr elektrik xətti, 150 kilometr magistral su xətləri və onlarla infrastruktur obyektləri yerlə-yeksan edildi. Bu dağıntılar təkcə maddi deyil, həm də mənəvi faciə idi.

İşğal dövründə Ermənistan burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma həyata keçirdi. Xaricdən gətirilən ermənilər üçün Qubadlının Xanlıq kəndində qəsəbə salındı. Bu, Cenevrə Konvensiyalarının açıq şəkildə pozulması demək idi.

Ədalət və Qələbənin günü

Ancaq tarix dönməzdir. Azərbaycan xalqının iradəsi, dövlətin gücü və ordunun qəhrəmanlığı bu ədalətsizliyi aradan qaldırdı. 2020-ci il payızında başlanan 44 günlük Vətən müharibəsi Qubadlı torpaqlarının azadlığına aparan yolun başlanğıcı oldu. 25 oktyabr tarixi həmin döyüşlərin ən həlledici günlərindən biri kimi yadda qaldı. Şəhərin ətrafında düşmən güclü istehkamlar qurmuşdu, yüksəkliklərdə yerləşmiş erməni hərbi birləşmələri Azərbaycan Ordusunun hərəkətinə mane olurdu. Lakin ordumuzun peşəkarlığı və fədakarlığı nəticəsində əvvəlcə strateji yüksəkliklər, ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad edildi. 25 oktyabr 2020-ci ilin Qubadlı şəhəri işğaldan tam azad olundu.

Bu qələbə Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin parlaq nəticəsi idi. Noyabrın 9-dək davam edən əməliyyatlar nəticəsində Qubadlı şəhəri ilə yanaşı 41 kənd də azad edildi. Bu igidlik tarixdə əbədi yaşamaq üçün rəmzləşdi. 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalı bu qəhrəmanlığın dövlət səviyyəsində təcəssümü oldu. 15 mindən çox Azərbaycan əsgəri həmin medalla təltif edildi.

Zəfərdən sonra dövlətimizin qarşısında yeni və tarixi vəzifə dayandı – dağıdılmış Qubadlını bərpa etmək və ona yeni həyat bəxş etmək. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edildi.

Gələcəyin Qubadlısı: Modern və yaşıl şəhər

Azadlıqdan sonrakı dövrdə Qubadlı rayonunda geniş bərpa və yenidənqurma işləri başlanıb. 2021-ci ilin oktyabrında “Qubadlı” yarımstansiyasının açılışı ilə rayonun enerji təhlükəsizliyinin bünövrəsi qoyuldu. “Şükürbəyli” yarımstansiyasından çəkilən 76 kilometrlik 110 kV-luq elektrik xətti həm Qubadlını ümumi enerji sisteminə bağladı, həm də bölgəyə yüksək ötürücülüklü fiberoptik internet gətirdi.

Bərpa prosesində Qubadlının kəndlərinin yenidən qurulması mühüm mərhələlərdən biridir. Hazırda Mahruzlu və Zilanlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır. Mahruzlu kəndində birinci mərhələdə 190 evin tikintisi, 836 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Zilanlı kəndində isə 159 evin inşası və ilkin mərhələdə 772 nəfərin yerləşdirilməsi planlaşdırılıb. Gələcəkdə bu kənddə 630 ailə – yəni 2520 nəfərin yaşaması nəzərdə tutulur.

Qubadlının inkişafı ilə bağlı mühüm infrastruktur layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əlaqəliliyini təmin edən 28,5 kilometrlik Qubadlı–Eyvazlı avtomobil yolu artıq inşa olunmaqdadır. Bu yol həm iqtisadi əlaqələri gücləndirəcək, həm də yeni məskənlərin yaranmasına şərait yaradacaq. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb. Bu yol gələcəkdə Zəngəzur dəhlizinin regional nəqliyyat sisteminə inteqrasiya baxımından da mühüm rol oynayacaq.

Eyni zamanda, Qubadlı ərazisində yaradılan “Qubadlı” gömrük postu strateji və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu postun fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə qanunsuz daşınmaların qarşısı alınır, gömrük nəzarətinin tam tətbiqi təmin edilir.

Bu gün artıq Qubadlıda həyat yenidən canlanır. 2025-ci ilin sentyabrında təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bölgənin sosial-iqtisadi inkişafının konkret istiqamətlərini müəyyənləşdirir. Əgər işğala qədər rayonun elektrik enerjisinə tələbatı 12 MVt idisə, 2040-cı il üçün bu rəqəmin 38 MVt-dan artıq olacağı proqnozlaşdırılır. Bu isə bölgədə sənayeləşmənin, kənd təsərrüfatının və turizmin genişlənəcəyindən xəbər verir.

Bu gün Qubadlı azadlığın və quruculuğun simvoludur. Burada təkcə evlər və yollar deyil, həm də həyat, ümid və gələcək bərpa olunur. Qubadlının hər daşında ədalətin bərpası, hər tikilisində dirçəlişin nəfəsi hiss olunur. Bu torpaq artıq dağıntıların deyil, zəfərin, inkişafın və əbədi suverenliyin rəmzidir. Azərbaycan xalqının iradəsi, dövlətin uzaqgörən siyasəti və ordunun qəhrəmanlığı sayəsində Qubadlı öz tarixi ləyaqətinə qovuşub – azad, qüdrətli və yenidən çiçəklənən bir yurd kimi.

Prezidentin Qubadlı səfərləri: Dirçəliş salnaməsinin parlaq səhifələri

Qubadlının azad olunmasından sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə etdiyi səfərlər bu torpağın dirçəliş salnaməsinin əsas səhifələrini təşkil edir. Hər səfər Qubadlının həyatına yeni nəfəs, yeni mərhələ gətirib. 2020-ci ilin 23 dekabrında dövlət başçısının Qubadlıda Azərbaycan bayrağını ucaltdığı an təkcə işğaldan azad olunmuş bir şəhərin deyil, həm də milli qürurun, suverenliyin və ədalətin bərpasının təntənəsi idi.

Prezident İlham Əliyevin Qubadlıya səfərləri bir konsepsiyanın tərkib hissəsidir – azad olunmuş torpaqlarda həyatın təkcə yenidən qurulması deyil, müasir standartlara uyğun formalaşdırılması, dayanıqlı inkişaf modelinin yaradılması məqsədini daşıyır. Hər təməlqoyma mərasimi, hər açılış və hər görüş Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq siyasətinin canlı sübutudur. Bu gün Qubadlı artıq dirçəliş dövrünü yaşayır. O, təkcə Qarabağın və Şərqi Zəngəzurun deyil, bütövlükdə Azərbaycanın yeni inkişaf fəlsəfəsini – azadlıqdan doğan güc, bərpadan yaranan həyat fəlsəfəsini təcəssüm etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda əsası qoyulan yeni Qubadlı gələcəyin modern, yaşıl, ağıllı və dayanıqlı şəhər modeli kimi formalaşır. Bu inkişaf hekayəsi Azərbaycanın əbədi suverenliyinin və xalqın birliyinin sarsılmaz rəmzidir.

Nigar Orucova, "İki sahil"