24 oktyabr 2025 10:46
101

Dövlət Komitəsinin sədri beynəlxalq simpozium çərçivəsində bir sıra görüşlər keçirib

Oktyabrın 22-də “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpozium çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bir sıra xarici ölkələrin dini və elmi qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri professoru Damir Muhetdinov, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov ilə görüşlərdə dini-mənəvi, o cümlədən din təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda dinə və dini təhsilə göstərilən qayğının dövlət-din münasibətlərinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, dövlətin bu sahəyə diqqəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasətin məntiqi davamıdır və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu siyasətin əsas məqsədi sağlam dini mühitin qorunması, cəmiyyətin mənəvi dayanıqlılığının təmin edilməsi və din təhsilinin müasir tələblərə uyğun inkişaf etdirilməsidir.

Komitə sədri Azərbaycanın dini müxtəlifliyə və dinlərarası harmoniyaya əsaslanan cəmiyyət modeli barədə də danışıb. O, vurğulayıb ki, ölkədə müxtəlif konfessiyalar arasında münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri üzərində qurulub, bu isə Azərbaycanı multikulturalizm və birgəyaşayışın nümunəsi təqdim edən ölkələrdən biri kimi dünyaya təqdim edir. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətində də bu meyarlar əsas kimi götürülüb.

Beynəlxalq simpoziumun əhəmiyyətinə toxunan Ramin Məmmədov bildirib ki, bu cür tədbirlər müvafiq qurumlar arasında əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir. Belə platformalar yalnız elmi mübadilə baxımından deyil, həm də strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq simpoziumun işini yüksək qiymətləndirən qonaqlar bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.  Elmi tədbirlərin təşkili və müxtəlif ölkələrdən alimlərin bir araya gəlməsini mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar həmçinin, Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoqun yüksək səviyyədə inkişaf etdiyini, dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq aləmdə nümunə kimi dəyərləndirildiyini qeyd ediblər. Qonaqlar vurğulayıblar ki, Azərbaycan dünyada qarşılıqlı hörmət və tolerantlığa əsaslanan birgəyaşayış modelinə malik ölkələrdən biri kimi tanınır.

Görüş zamanı dini təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ideya və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.