24 oktyabr 2025 11:07
109

Azərbaycan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Belarusun Brest şəhərində təşkil olunmuş Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 59-cu iclasında iştirak edib.

“İki sahil” agentliyə istinadən xəbər verir ki, hər il təşkil olunan iclasın məqsədi iştirakçı ölkələrin rəqabət siyasəti üzrə əməkdaşlığının gücləndirilməsi, müvafiq sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də rəqabət qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsindən ibarətdir.

E.Bağırov Azərbaycanda ədalətli və rəqabətədavamlı bazar mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Rəqabət Məcəlləsində yer alan iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı nəzarət mexanizmləri diqqətə çatdırılıb. Eyni zamanda rəqəmsal platforma təsirçilərinin fəaliyyəti üzrə yeni tələblər və inzibati məsuliyyət tədbirlərindən bəhs edilib. Həmçinin istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi, istehlakçıların qanuni mənafeyinin qorunması, biznes subyektlərinin bu sahədə rolunun artırılması məqsədilə təşkil olunan maarifləndirmə tədbirlərinə xüsusi önəm verildiyi vurğulanıb.

İclasda Şuraya üzv dövlətlərin rəqabət siyasəti üzrə təşəbbüsləri və yenilikləri, normativ-hüquqi tənzimləmələrə dair hesabatlar, müvafiq sahədə kadrların peşəkar hazırlığı və ixtisaslaşdırılması məsələlərinə də nəzər salınıb.