24 oktyabr 2025 12:58
107

Kürşad Zorlu: Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncam birliyimizə güc qatacaq mühüm təşəbbüsdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın “Dildə, fikirdə, işdə birlik” hədəfimizə güc qatacaq mühüm bir təşəbbüs olacağına inanır və bunu böyük məmnunluqla qarşılayırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu mövzu ilə bağlı açıqlamasında söyləyib.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə imzalanan Bəyannamədə bu qərarın yer almasının Türk dünyası çətirinin ortaq dil və ünsiyyət əsasında qurulmasının vacibliyinin göstəricisi olduğunu qeyd edən Zorlu deyib: “Bu baxımdan Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Qəbələ Zirvə Görüşündə türk dövlətlərinin rəhbərlərinə ilk dəfə 34 hərfli ortaq əlifba ilə çevrilmiş əsərləri təqdim etməsi, Türkiyənin bu prosesdəki qətiyyətinin mühüm bir ifadəsi oldu. Eyni zamanda, Prezidentimizin dekabrın 15-nin Ortaq Türk Dili Günü elan olunması ilə bağlı çağırışı və arzusu da Zirvə Görüşünün protokoluna daxil edildi. Bu münasibətlə qardaşlığımızı ortaq ünsiyyət və ortaq əlifbamız vasitəsilə möhkəmləndirmək iradəmizi bir daha vurğulayırıq. Çünki biz 8 dövlət, bir millət, bir ürəyik”.