24 oktyabr 2025 14:34
128

Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının ilk həmkarlar təşkilatlarının sədrləri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Sumqayıt şəhərində ilk həmkarlar təşkilatlarının sədrləri ilə görüş keçirilib. Tədbir Sumqayıt Dövlət Universitetində (SDU) baş tutub.

“İki sahil” xəbər verir ki, görüşdən öncə tədbir iştirakçıları Sumqayıt Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, AHİK-in Üzv, Tabe Təşkilatlarla İş və Maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin məsul əməkdaşları və 214 ilk təşkilat sədrləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qeyd edib ki, bu cür görüşlər üzv təşkilatlarla birbaşa ünsiyyətin, qarşılıqlı fikir mübadiləsinin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Daha sonra çıxış edən AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının sosial-iqtisadi inkişafda və işçi hüquqlarının qorunmasında rolundan danışaraq, AHİK tərəfindən son illərdə həyata keçirilən sosial layihələr, əmək münasibətlərinin təkmilləşdirilməsi və üzv təşkilatlara göstərilən dəstək barədə məlumat verib.

AHİK-in Üzv, Tabe Təşkilatlarla İş və Maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə çıxışında həmkarlar ittifaqlarında qadınların və gənclərin fəallığının artırılması, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və ilk təşkilat sədrlərinin sosial dialoqda iştirakının vacibliyini vurğulayıb.

Daha sonra ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev AHİK və ETİHİ-nin son bir ildəki birgə fəaliyyətinə dair təqdimatla çıxış edib. Təqdimatda təhsil sahəsində çalışan ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunması, asudə vaxt və istirahət imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlıq və maarifləndirmə istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Sonda ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib və ətraflı fikir mübadiləsi aparılıb.