“Avropa çempionatında Azərbaycan reytinqə görə turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş mükafat qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur”.
“İki sahil” xəbər verir ki, bu sözləri kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov federasiyanın rəsmi saytına müsahibəsində deyib.
Tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında qızıl medal qazana bilməməsinin səbəbini açıqlayıb: "Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiya ilə görüşdə qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breklərə əsasən, birinci yeri tutmaq üçün böyükhesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhvali-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı".
Kapitan kimi ilk mükafatını qazanan Teymur Rəcəbov bununla bağlı təəssüratlarını bölüşüb: "Düşünürəm ki, milli komandanın üzvlərinə kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu".
O, yığmanın üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə də danışıb: "Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkəndirlər və özlərini sübut etməyə can atırlar. Nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandır. Hər ikisi məşqləri davam etdirməlidir. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və çıxışlarını çox yaxından izləyirəm. Bu iki şahmatçının böyük gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək".
T. Rəcəbovun sözlərinə görə, istər şahmatçı, istərsə də kapitan kimi əsas məqsədi hər zaman qalib gəlməkdir: "Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, şahmat olimpiadaları, dünya çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var".
O, sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə dəstəyə görə təşəkkür edib: "Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin".