27 oktyabr 2025 11:29
98

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun onlayn qaydada növbəti iclası keçirilmişdir.

“İki sahil” xəbər verir ki, iclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində cari ilin 9 ayı ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edilmiş və müzakirələr aparılmışdır. 

Fəaliyyət Planında KOB subyektlərinin maliyyələşdirilməsi, bank, sığorta və kapital bazarlarının inkişafı, startaplar üçün maliyyə əlçatanlığı, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər və digər aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılmışdır. Habelə, Yol Xəritəsində biznes kreditləşməsi, təminatlı əqdlər və elektron ödənişlər üzrə tənzimləmə çərçivəsi, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi mühüm tədbirlərin icra vəziyyəti müzakirə olunmuşdur. Həmçinin işçi qrupunun 07 avqust 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat dinlənilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu”nun Maliyyə və bank xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrupu tərəfindən irəli sürülmüş və digər aidiyyəti təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Mərkəzi Bankın sədrliyi ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak etmişdir.