28 oktyabr 2025 00:57
86

Avropa və Asiyanı birləşdirən mühüm ticarət körpüsü - Orta Dəhliz

Qlobal ticarət əlaqələrinin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlər arasında nəqliyyat-logistika əməkdaşlığının gücləndirilməsi mühüm strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiya regionunda multimodal daşımaların optimallaşdırılmasını təmin edən ən vacib nəqliyyat arteriyalarından biri kimi diqqətdədir.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər tərəfdaş ölkələr Orta Dəhlizin potensialından istifadənin genişləndirilməsi məqsədilə birgə layihələri ardıcıl şəkildə həyata keçirirlər. Xəzər hövzəsi üzərindən yüklərin sürətli, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli daşınmasına xidmət edən bu marşrut Avropa ilə Asiyanı birləşdirən mühüm körpü kimi çıxış edir.

Layihə çərçivəsində liman və dəmir yolu infrastrukturunun yenilənməsi, rəqəmsal texnologiyaların tətbiqi, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Bu islahatlar Orta Dəhliz boyunca tranzit müddətlərinin daha da qısaldılmasına və yük dövriyyəsinin artırılmasına töhfə verir.

Prezident İlham Əliyevin iştirakı ilə birgə layihənin təqdimatı

Xəbər verildiyi kimi, oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasına növbəti dövlət səfəri çərçivəsində “Orta Dəhlizin inkişafı” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatında iştirak edib. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Azərbaycan üçün iqtisadi şaxələndirmə və tranzit imkanlarının genişlənməsi

Orta Dəhliz Azərbaycanda nəqliyyat-tranzit xidmətlərinin perspektivi baxımından daha cəlbedicidir. Bu dəhliz Çin ilə Avropa arasında yalnız daşıma marşrutu deyil, həm də üzv ölkələrdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiya cəlbediciliyinə təkan verən bir lokomotivdir. Eyni zamanda, 1 trilyon ABŞ dollarından çox ÜDM-i olan türk dövlətlərini birləşdirən, iqtisadi əlaqələrin inkişafına xidmət edən Orta Dəhliz Avropa və Asiya arasında ən qısa və rahat marşrutdur. Orta Dəhliz üzərindən çevik koordinasiya, logistika və rəqəmsallaşma tədbirlərinin reallaşdırılması ilə illik buraxıcılıq qabiliyyətini indiki 5 milyon tondan 10 milyon tona qədər artırmaq mümkündür.

Bakı-Tbilisi-Qars xəttinin modernizasiyası marşrutun cəlbediciliyini artırır

Orta Dəhlizin funksionallığında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisinə düşən hissəsində rekonstruksiya işlərinin aparılması ilə illik yükaşırma qabiliyyətinin 5 milyon tona çatdırılması, eləcə də gələcəkdə 10 milyon tona qədər artırmaq imkanı bu dəhlizin cəlbediciliyini daha da yüksəldir.

Dəniz daşımalarında effektivliyin yüksəldilməsi: Bakı limanının rolu

Çin və Avropa arasında, təqribən, 740 milyard dollar olan illik ticarət dövriyyəsinin 96%-ə yaxını dəniz, 4%-i isə quru nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir. Gələcəkdə yüklərin həcminin daha da artacağını nəzərə alsaq, dəniz daşımalarının uzunmüddətli perspektivlərə malik olduğunu görərik. Ona görə də dibdərinləşdirmə və infrastruktur təminatın təkmilləşdirilməsi istiqamətində intensiv işlər aparılır ki, bu da Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının qəbul etmə, saxlama və yolasalma proseslərini daha da çevikləşdirməyə imkan verəcək. Bakı limanında terminal növləri üzrə gəmilərin qalma müddəti, saatla (2023-cü il) Eyni zamanda, dibdərinləşdirmə işlərinə Xəzər dənizindəki limanlar timsalında kompleks yanaşılması zəruridir. Xüsusilə, dəniz üzərindən Bakı limanına ən qısa məsafə olan Türkmənbaşı limanında da oxşar infrastruktur layihələrinin icrası məqsədəuyğun olardı.

Zəngəzur dəhlizi Orta Dəhlizin tranzit potensialını gücləndirəcək

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Ələt-Osmanlı-Horadiz-Ağbənd-Naxçıvan dəmir yolu xəttinin tikinti işləri davam etdirilir və layihənin yaxın zamanda tamamlanması planlaşdırılır. İlkin hesablamalara görə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 10-12 milyon ton artıracaq ki, bu da uzunmüddətli perspektiv vəd edir.

Xəzər dənizinin ən böyük konteyner qovşağı olan Aktau tranzit imkanlarının artımını təmin edərək Şərq-Qərb, Şimal-Cənub və digər beynəlxalq marşrutlarda mühüm həlqə kimi Qazaxıstanın mövqeyini gücləndirəcək. Müasir logistika infrastrukturu, o cümlədən qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını xeyli sürətləndirməyə imkan yaradacaq ki, bu da xüsusilə Orta Dəhliz üzərindən daşınmaları daha da intensivləşdirəcək.

Orxan Vahidoğlu, “İki sahil”