28 oktyabr 2025 12:19
109

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı – Zaqatala, Bakı – Şəki, Mingəçevir – Qazax, Bakı – Ağdam, Bakı – Gəncə, Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Şəki – Gəncə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Bakı – Zaqatala və Bakı – Şəki marşrutları üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;

Mingəçevir – Qazax marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;

Bakı – Ağdam marşrutu üzrə fiziki şəxs Nuriyev Fəxrəddin İsmayıl oğlu;

Bakı – Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;

Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Abbasov Kamil Şakir oğlu;

Şəki – Gəncə marşrutu üzrə fiziki şəxs Xəlilov Əmiraslan Fərman oğlu qalib elan olunublar.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 8 marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsindən 5-i 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.