29 oktyabr 2025 14:21
101

Vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldadan şəxslər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.