“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr – Zəfər günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə hərbi-vətənpərvərlik oyunları keçirilib.
Hərbi-vətənpərvərlik oyunlarında 24 komanda üzrə 90 gənc iştirak edib. Onlar “Cəsurların yürüşü – 60 metr məsafəyə qaçış”, “Döyüşə hazıram – silahın sökülüb-yığılması”, “Güclülərin yarışı – turnikdə dartınma” və “Xüsusi təyinatlı – maneələri dəfetmə” üzrə yarışıb, fiziki güc və bacarıqlarını nümayiş etdiriblər.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 220 saylı məktəb-liseyin direktoru Lətifə Əzimova və başqaları bildiriblər ki, 8 Noyabr - Zəfər Günü xalqımızın tarixində olan ən parlaq səhifədir. Beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi Zəfər bütün dünyaya səs salıb.
Qeyd edilib ki, Zəfər günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurun yenidən dirçəlişini simvolizə edir. Bu mənada gənclər arasında keçirilmiş hərbi-vətənpərvərlik oyunları da milli qələbə ruhunun yüksəlişinin və qalibiyyət sevincinin göstəricisidir.
Çıxışlardan sonra oyunların qaliblərinə medallar, diplomlar və hədiyyələr təqdim edilib.
Zamin Məmmədov, "İki sahil"
Müasir infrastruktura malik yollar Naxçıvanın əsas inkişaf göstəricilərindəndir
BDU-da Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır