29 oktyabr 2025 17:52
125

Gəncədə tələbələrlə maarifləndirici görüş keçirilib

ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə görüş keçirilib. 

“İki sahil” xəbər verir ki, görüşdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri – baş katib Pərvanə İsmayılova, Üzv təşkilatlarla iş şöbəsinin baş mütəxəssisi Ağca Məmmədova, eləcə də ETİHİ Gəncə Şəhər Komitəsinin sədri Niyazi Nəbiyev, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Təqdimatla çıxış edən Mirzə Cəfərzadə həmkarlar ittifaqının fəaliyyəti, üzvlük imkanları və gənclər üçün həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. 

Qeyd olunub ki, tələbələr həmkarlar ittifaqına üzv olmaqla ittifaqın sosial, hüquqi və təşkilati imkanlarından səmərəli şəkildə yararlana bilərlər. Onlara həmkarlar ittifaqı tərəfindən hüquqi yardımın göstərilməsi, sosial müdafiə tədbirlərində iştirakı və asudə vaxtlarının faydalı təşkili ilə bağlı geniş imkanların yaradıldığı vurğulanıb.

Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb və görüşün sonunda tələbələr Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına könüllü şəkildə üzv olmaq barədə qərar qəbul ediblər.

Qeyd edək ki, tədbir sabah da davam edəcək.