Məhsəti Hüseynova: Bu kimi yeniliklərin tətbiqində beynəlxalq standartlar və təcrübələr əsas götürülərək Azərbaycanın da bu inkişafda öz yerini alması cəmiyyətə töhvə verəcək
Azərbaycanda istehlak bazarının dayanıqlığını və məhsulun təhlükəsizliyini təmin etmək məqsədilə “Qablaşdırmanın təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi hazırlanıb. Sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə işlənib və ictimai müzakirələr başa çatdıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.
Yeni reqlamentin əsas məqsədi insanların həyat və sağlamlığını, əmlakını, eləcə də ətraf mühiti, heyvan və bitki aləmini qorumaqdır. Layihə qablaşdırma vasitələrinin istehsalı, daşınması, saxlanması və utilizasiyası mərhələlərində təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Bu addım həm ekoloji davamlılığı, həm də istehlakçıların hüquqlarının qorunmasını gücləndirməyə xidmət edəcək.
Qlobal standartlarla uyğulaşan addım
Son illərdə dünyada qablaşdırma sənayesi təkcə istehsal texnologiyasının deyil, həm də insan sağlamlığına və ekologiyaya təsirin əsas qiymətləndirildiyi sahəyə çevrilib. Plastik tullantıların artması, təkrar emal proseslərinin zəif inkişafı və kimyəvi tərkibli materialların qida məhsullarına mənfi təsiri beynəlxalq səviyyədə ciddi müzakirələr doğurur. Azərbaycan da bu tendensiyadan kənarda qalmayıb. Qida təhlükəsizliyi, istehlakçı hüquqları və ekoloji məsuliyyət prinsiplərini əsas götürən yeni texniki reqlament, ölkənin istehsal və idxal sektorunda keyfiyyət standartlarını yüksəltməyi hədəfləyir.
Cəmiyyət və ekosistem üçün uzunmüddətli təsirlər
Qablaşdırmanın təhlükəsizliyinə dair texniki reqlament yalnız sənaye və istehsal sektoru üçün deyil, həm də cəmiyyətin həyat keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu sənəd vasitəsilə bazarda daha şəffaf nəzarət mexanizmi formalaşacaq, istehlakçıların aldığı məhsulların mənşəyi və qablaşdırma tərkibi barədə məlumat alma imkanı genişlənəcək.
Yeni reqlamentin qəbulundan sonra qablaşdırma tullantılarının idarə olunması sisteminin də təkmilləşdirilməsi gözlənilir. Xüsusilə plastik tullantıların azaldılması, təkrar emalın genişləndirilməsi və ekoloji cəhətdən təmiz materiallardan istifadənin stimullaşdırılması nəzərdə tutulur. Bu isə ölkənin “yaşıl iqtisadiyyat” modelinə keçid strategiyasına uyğun bir addım sayılır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu layihə ilə materialların sağlamlığa təsiri nəzərə alınmaqla yanaşı, təhlükəsizlik standartlarının da artacağı gözlənilir: “Bir çox hallarda artıq bütün dünya ekoloji təmiz, təkrar emala yararlı qablaşdırmadan istifadə edir və düşünürəm ki, yeni reqlamentdə bu məqamlar da öz əksini tapıb. Qablaşdırma materiallarının utilizasiyası, təkrar emalı məsələsi əvvəllər daha az çeşid olduğuna və təkrar istifadə oluna bilən materiallar dajha çox olduğuna görə daha rahat nəzarətdə saxlanıla bilirdi. Hazırda plastik qablardan istifadə artıb və onların təkrar emalı prosesi bir çox hallarda daha qaranlıqdır.”
Məhsəti Hüseynovanın sözlərinə görə, tullantıların çeşidlənməməsi kimi səbəblər tullantıların təkrar emalı prosesini çətinləşdirir və bu da bir çox müəssisələrin bu prosedurdan qaçmasına səbəb olur: “Çünki bir çox məhsullar parçalanmır, bioparçalanan materiallardan deyil, hansı ki, bunlar dəmirdən, alüminiumdan hazırlanır və bunlar uzunmüddət ekosistemdə qaldığı üçün zərərlidir.
Qablaşdırmanın sağlamlıqda rolu
Nəzərə alınmalı məqamlardan biri də odur ki, günümüzdə istifadə olunan plastik qablar təhlükəlidir. Belə ki, sözügedən qabların tərkibindəki “Bisfenol A (BPA)” adlanan kimyəvi maddə yüksək temperatura məruz qaldıqda insan sağlamlığında ciddi fəsadlar törədir. Uzun müddət bu kimi kimyəvi birləşmələrə məruz qalan insanlarda xərçəng xəstəliyinin yaranma riski artır. Eyni zamanda, plastik qablar termiki emala məruz qaldıqda bir sıra kimyəvi maddələr mikrohissəciklər şəklində qidaya keçir və beləliklə, qida vasitəsilə kimyəvi maddələr orqanizmə daxil olur. İstehlakçıların bütün bunlara qarşı diqqətli olmaları vacibdir.”
Həmsöhbətimizin fikrinə əsasən, sözügedən reqlament layihəsi həyata keçdikdə istehlakçı hüquqlarının qorunması da öz əksini tapacaqdır: “Hər bir istehlakçı məhsul alarkən onun etibarlılığı ilə bağlı narahatlıq keçirir. Qeyd etmək lazımdır ki, məhsulun qablaşmasının saxlanma və daşınma şəraitində zərər görməsi də mümkün haldır. Qablaşma işığa, günəşə məruz qalıbsa, zədələnibsə bir çox hallarda kimyəvi reaksiyalara səbəb ola bilər və bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. Bir çox insanlar, xüsusilə də gənclər bu barədə məlumatsız olduqları üçün qidanın qablaşmadan dolayı keyfiyyətinin itməsi, eləcə də sağlamlığa vurulan zərərdən əziyyət çəkə bilər. Layihədə bu kimi problemlərin də həllinin öz əksini tapması gözləniləndir.
Hər bir halda bütün bu görülən işlər əhalinin sağlamlığının qorunması yolunda atılan uğurlu addımlardır. Reqlamentin təsdiqindən sonra layihənin yaxın zamanda həyata keçirilməsi sağlam gələcəyin qurulması üçün də faydalı olacaqdır. Bu kimi yeniliklərin tətbiqində beynəlxalq standartlar və təcrübələr əsas götürülərək Azərbaycanın da bu inkişafda öz yerini alması cəmiyyətə töhfə verəcək.”
Şahnigar Əhmədova, "İki sahil"