Vətən müharibəsi şəhidi Qənimətov Ətraf Oktay oğlunun anım günü qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadə, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Cövhər Sadıqzadə, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki Veteranlar Birliyinin üzvləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və qazilər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Qənimətov Ətraf Oktay oğlunun və digər şəhidlərin məzarlarını ziyarət edərək, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadə və digər şəxslər çıxış edərək, Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz qanı ilə adını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər.
Çıxışlarda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət işğal altında olan torpaqlar azad olunub.
Bildirilib ki, ordu ilə bir olan xalq həmin dövrdə böyük iradə, əzmkarlıq və milli ruh nümayiş etdirərək tarixi ədalətin bərpasına nail olub.