03 noyabr 2025 11:30
171

Torpaq qeydiyyatında yeniliklər: Hüquq, şəffaflıq və elektron xidmətlər

Torpaq həm strateji sərvət, həm də vətəndaşların hüquqlarının ən həssas sahələrindən biridir. Onun düzgün sənədləşdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və elektron kadastr sisteminə inteqrasiyası yalnız hüquqi mübahisələrin qarşısını almaqla kifayətlənmir, həm də daşınmaz əmlak bazarının şəffaf və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bu sahədə aparılan islahatlar və qanunvericilik yenilikləri cəmiyyəti daim maraqlandırır. Sözügedən mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyevlə həmsöhbət olduq.

-Son illər torpaq mülkiyyətinin qeydiyyatı və sənədləşdirilməsi ilə bağlı qanunvericilikdə hansı dəyişikliklər edilib və bu dəyişikliklər vətəndaşlara nə kimi üstünlüklər qazandırır?

-Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilib. Bu Siyahıda əksini tapmış sənədlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün əsasdır. 439 nömrəli Fərmanın 4-cü hissəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən Siyahının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmış və müvafiq təkliflər əsasında son dövrdə aşağıdakı fərmanlar qəbul olunub:

1) Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanı;

2) Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı;

3) Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 nömrəli Fərmanı.

Bu fərmanların qəbul edilməsi nəticəsində Siyahıya bir sıra yeni sənədlər daxil edilmişdir. Siyahıya daxil edilməzdən əvvəl həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas sayılmırdı və bu səbəbdən vətəndaşlar əmlaklarına çıxarış ala bilmirdilər.

Müvafiq sənədlər Siyahıya daxil edildikdən sonra  bu problem aradan qaldırılmış oldu. Qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində on minlərlə vətəndaş çıxarış alaraq mülkiyyət hüququ əldə etmiş, beləliklə, daşınmaz əmlak bazarının iştirakçısı olmuşlar.

1655 və 444 nömrəli fərmanlarda əksini tapmış sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:

yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;

həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarışlar;

yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin qərarları və s.

Torpaq sahələrinin elektron kadastr məlumat bazasında əks olunması hansı mərhələdədir və bu prosesin ölkə üzrə tam başa çatdırılması üçün hansı işlər aparılır?

“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, ölkə üzrə vahid torpaq fondunun elektron kadastr uçotu işləri yekunlaşmış, sadəcə hazırda bəzi ərazilərdə dürüstləşmə işləri davam etdirilir.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-qanuni məqsədlərlə istifadəsinin qarşısının alınması üçün hansı nəzarət və monitorinq mexanizmləri mövcuddur?

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin 9-cu maddəsinə əsasən,  ölkəmizin hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və həmin torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür ki, bunlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-qanuni məqsədlərlə istifadəsi hallarının aşkar edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci bəndinin tələblərinə müvafiq olaraq Xidmətin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı torpaq sahələrinin özbaşına tutulması, tikinti və ya quraşdırma işlərinin aparılması ilə bağlı aşkar edilmiş faktlar qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilərək toplanmış materiallar hüquq-mühafizə  orqanlarına təqdim olunur. Eyni zamanda, keçirilən monitorinqlər zamanı fiziki və ya hüquqi şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada mülkiyyətində, icarəsində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmaması halları, yəni İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta hallarının törədilməsi (torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması, torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və sair) aşkar edildikdə bu barədə inzibati xəta haqqında protokol tərtib edilir və inzibati araşdırma zamanı inzibati xətanın törədilməsi faktı təsdiqini tapdığı təqdirdə şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində aparılmış monitorinqlər nəticəsində 815 halda kənd təsərrüfatı təyinatlı torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmaması aşkar edilib.

-Vətəndaşların öz torpaq sahələrini rəsmiləşdirməsi və çıxarış alması prosesində hələ də rast gəlinən ən ciddi çətinliklər hansılardır və onların aradan qaldırılması istiqamətində Xidmət hansı addımları atır?

-Bu sahədə ən ciddi çətinlik ərazilərin xəritə məlumatları ilə sənəd üzrə göstəriciləri arasında uyğunsuzluğun (kateqoriyasının fərqli olması, digər torpaq sahələri ilə üst-üstə düşməsi, faktiki torpaq sahələrinin az olması) olmasıdır. Problemin həlli üçün yuxarıda verilən cavabda qeyd olunduğu kimi, həmin ərazilərdə dürüstləşmə işlərinin aparılması və kompleks  yanaşmanın tətbiqidir.

-Ərazi məlumatlarının dəqiqləşdirilməsi üçün yerüstü və peyk əsaslı ölçmələrin tətbiqi hansı səviyyədədir və bu, torpaq sərhədlərinin dəqiq müəyyənləşdirilməsində nə kimi rol oynayır?

-Xidmət ölkə ərazisində yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyaları olan “AzPOS” informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 8 stansiya quraşdırılaraq idarəetmə mərkəzinə qoşulub.

Ölkə ərazisində “AzPOS” şəbəkəsinin tam şəkildə əhatə etməsi məqsədilə cari ildə Naxçıvan Muxtar Respublikası ərazisində 4 ədəd yeni “AzPOS” məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 2010-cu ildən qurulmuş və istifadə müddətini başa vurmuş 37 “AzPOS” məntəqəsinin yenilənməsi işləri həyata keçirilib. Belə ki, 37 məntəqəyə aid bütün avadanlıqlar yenilənib və əlavə olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi qurğular quraşdırılıb, müasir dövrdə texniki tələblərə cavab verməyən DSL şəbəkə qoşulmalarının hamısı optik xətlə əvəz olunub. Beləliklə, hazırda texniki olaraq tam şəkildə yenilənmiş 49 stansiya ölkə ərazisində fasiləsiz fəaliyyət göstərməkdədir və bu stansiyalar vahid sistem olaraq bir mərkəzdən idarə edilir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir.

-Torpaqla bağlı mübahisəli halların – sərhəd pozuntuları, üst-üstə düşən mülkiyyət iddiaları və s. – həlli zamanı Xidmətin rolu nədən ibarətdir? Bu prosesdə vətəndaşlar hansı instansiyalara müraciət etməlidirlər?

-Torpaq sahələrinin sərhədlərini əks etdirən sənədlərdəki koordinatlarda uyğunsuzluqlarla bağlı vətəndaşların müraciətləri əsasında mütəxəssislərimiz tərəfindən naturada və elektron bazada dəqiqləşdirmələr aparılır və torpaq sahəsinin elektron baza məlumatlarında və texniki sənədlərdə rast gəlinən texniki səhvlər (sürüşmələr və digər uyğunsuzluqlar) aradan qaldırılır, ehtiyac olduqda sənəd üzrə sərhədlər yerində göstərilir. Sənədlərdəki koordinatlardan kənara çıxaraq özbaşına hasarlamalar zamanı isə yaranmış mübahisəli hallarla bağlı məhkəməyə müraciət oluna bilər. Bu zaman məhkəmənin müraciəti əsasında müvafiq mütəxəssis rəyi təqdim olunur.

-Torpaq islahatları dövründə verilmiş, lakin bu günə qədər hüquqi baxımdan qeyri-müəyyən qalmış sahələrin taleyi necə olacaq? Bu problemin köklü həlli üçün hansı addımlar planlaşdırılır?

-Torpaq islahatı dövründə verilmiş pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərman imzalanıb. Bu Fərmanın 1.1-ci bəndi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pay torpaqları üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını nəzərdə tutur. Fərmanının 1.1-ci bəndinin icrasının təmin olunması ilə bağlı daxil olmuş müraciətlər əsasında 01.10.2025-ci il tarixədək ümumilikdə 60.200 pay torpağı sahəsinə dair mülkiyyət sənədi ilk dəfə verilibdir.

Torpaq islahatı dövründə pay torpaqlarına dair verilmiş 800.831 dövlət aktından 464.359-u (58%-i) çıxarışla əvəz olunub.

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2354 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi və əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir. Fərmanın icrası ilə əlaqədar olaraq “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə" layihəsi və digər normativ-hüquqi akt layihələri hazırlanaraq razılaşdırılması məqsədilə müvafiq dövlət orqanlarına təqdim edilibdir. Sözügedən sistem vasitəsilə torpaq sahələrinin qeydiyyatı və kadastrı ilə bağlı bütün dövlət xidmətlərinin elektron formada göstərilməsi nəzərdə tutulur.

Yaqut Ağaşahqızı, “İki sahil”