01 noyabr 2025 10:20
143

Azərbaycan Bolqarıstanla kənd təsərrüfatı məhsulların ixracda payının artırılmasını müzakirə edib

Azərbaycan və Bolqarıstan ticarət əlaqələrinin möhkəmləndirilməsini, kənd təsərrüfatı və emal olunmuş məhsulların ümumi ixrac strukturundakı payının artırılmasını müzakirə edib.

“İki sahil” xəbər verir ki, müzakirələr Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bolqarıstanlı həmkarı Georgi Tahovla görüşü çərçivəsində baş tutub.

Görüş zamanı, həmçinin, qabaqcıl texnologiyaların transferi, elmi-tədqiqat və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması, akvakultura və davamlı balıqçılıq idarəçiliyi sahəsində təhsil və innovativ yanaşmaların tətbiqi, eləcə də balıq və balıq məhsullarının ticarətinin inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi illik ifadədə 30,55 % artaraq 602,277 milyon ABŞ dolları təşkil edib.

Azərbaycandan ixracın həcmi 584,812 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,28 % çoxdur. Azərbaycana idxal isə əksinə 32,37 % azalaraq 17,465 milyon ABŞ dolları olub.