05 noyabr 2025 12:13
145

Masallıda “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq noyabrın 5-də 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə YAP Masallı rayon təşkilatı aparatında “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr Zəfər günü, 9 noyabr Bayraq günü və 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Seyfəddin Əliyev Şanlı Bayrağımız haqqında geniş məlumat vermiş və qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.

Azərbaycanın dövlət atributlarının, xüsusilə bayrağının önəmi böyükdür. 9 noyabr – Azərbaycan Respublikası Bayrağı Günü, müstəqil Azərbaycanın milli kimliyinin və dövlətçiliyinin simvolu olaraq hər il böyük coşqu ilə qeyd olunur. Bu gün ölkəmizin tarixi və siyasi həyatında xüsusi bir yer tutan, xalqın mübarizəsinin və qələbəsinin rəmzi olan bayrağın, onun tarixinin və əhəmiyyətinin xatırlanması üçün vacibdir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilməsini xüsusi sərəncamla imzalamışdır. Prezidentin bu addımını xalqımız Azərbaycan dövlətçiliyinə və onun rəmzlərinə xüsusi hörmət və ehtiramı kimi qəbul etmişdir.

Natiq vurğulayıb ki, Dövlət Bayrağı Gününün qeyd olunması tarixi XX əsrin əvvəllərinə aiddir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən, dövlətin rəmzi olaraq üçrəngli bayraq qəbul edildi. Bu bayrağın rəngləri: mavi, qırmızı və yaşıl idi. Bayrağın mavi rəngi Türk mənşəli xalqımızın milli istiqlaliyyətini, qırmızı rəngi demokratikləşmə və inkişaf prosesini, yaşıl rəngi isə İslam dini ilə bağlılığını ifadə edirdi. Sovet İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan bayrağı dəyişdirildi. Lakin Suverenliyimizi bərpa etdiyimiz ildə -1990-cı il noyabrın 17-də Ümümmilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada, Naxçıvan Muxtar Respublikasının Ali məclisində Dövlət Bayrağı olaraq yenidən üçrəngli bayrağımız təsdiq edilmişdir. Ulu öndərin: “Milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq” sözləri hər bir vətəndaşımızın xatirindədir. Beləliklə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.

Tədbirdə Masallı şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban Əzizova çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Dünya dövlətləri bayraqları sırasında şərəfli yer tutan Dövlət bayrağımız bu gün bütün dünya azərbaycanlılarının həmrəylik və azərbaycançılıq məfkurəsinə çevrilib. Bu gün üçrəngli bayrağımız beynəlxalq təşkilatların iqamətgahları qarşısında mavi göylərdə dalğalanır.

Sonda partiya fəallarından Şəhriyar Mübarizli, Humay Əliyeva və başqaları çıxış edərək bayrağımızın keçdiyi tarixi yola qısa nəzər salaraq bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.