06 noyabr 2025 15:44
92

Energetika Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Energetika Nazirliyində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə "Zəfərdən Şəfəqə” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının, əldə olunan böyük siyasi qələbələr fonunda regionun geosiyasi arxitekturasının yenidən qurulmasının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm nailiyyəti olduğunu vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatının misilsiz nəticələri Azərbaycan xalqının birlik və əzmkarlığının təntənəsi, igid oğullarımızın şücaətinin bənzərsiz qəhrəmanlıq salnaməsidir. Çıxışda Qələbəmizi əbədiləşdirən 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edilib. Azərbaycanın  postsovet məkanında separatizmə son qoyan ilk ölkə olduğu qeyd edilib. Azərbaycan Ordusunun cəmi bir sutkada Qarabağa tam nəzarəti bərpa etməsi region tarixində bənzəri olmayan hadisə kimi dəyərləndirilib.

Şanlı Zəfərin Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdiyini deyən nazir, bu tarixi qələbə sayəsində ölkəmizin Cənubi Qafqazda lider və söz sahibi olan dövlət kimi təsdiqləndiyini, regionda sülhün və sabitliyin əsas dayağına çevrildiyini diqqətə çatdırıb. Bildirilib ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı tarixi razılaşmanın əldə olunması, ardınca ATƏT-in Minsk qrupunun, 907-ci düzəlişin ləğv edilməsi möhtəşəm Zəfərimizin ölkəmizə bəxş etdiyi strateji üstünlüyün parlaq təzahürüdür. ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ünvanlanan “Siz böyük lidersiniz” sözləri, bu qələbənin beynəlxalq aləmdə yaratdığı nüfuzu bir daha, ali səviyyədə təsdiqləmiş oldu.

Çıxışda, həmçinin Qarabağ və Şərqi Zəngəzurun inkişafından bəhs edilib, bu ərazilərdə ağıllı şəhərlər, müasir infrastruktur layihələri, “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, beş il ərzində bu bölgələrdə 1000 km-dən artıq yüksəkgərginlikli ötürmə xətləri çəkilib, yarımstansiyalar və “Cəbrayıl Enerji Qovşağı” tikilib. 307 MVt gücündə 38 su elektrik stansiyası istismara verilib, ümumi gücü 340 MVt olan 3 günəş elektrik stansiyasının təməli qoyulub. İrəlidə su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması, 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” stansiyalarının, habelə günəş-külək enerjisi istehsalı güclərinin istifadəyə verilməsi bu bölgənin “Cəbrayıl Enerji Qovşağı” vasitəsilə ixrac mərkəzi kimi formalaşmasını təmin edəcək.

Sonra Zəfər Günündən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”nin inkişafına gedən inkişaf yolundan bəhs edən “Zəfərin işığında” videoçarxı nümayiş etdirilib.

Tədbirdə, həmçinin Nazirlik əməkdaşlarının çıxışları dinlənilib. Nazirliyin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Tural Səfərli çıxış edərək keçdiyi döyüş yolu, hərbi əməliyyatlar zamanı ağır döyüş tapşırıqlarını igidliklə yerinə yetirən əsgərlərimizin qəhrəmanlığı ilə bağlı xatirələrini bölüşüb.

Sonra 44 günlük Vətən Müharibəsində iştirak etmiş Nazirlik və Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin qazi əməkdaşlarına həsr olunmuş “Hər iki cəbhədə” videoçarxı nümayiş olunub.