07 noyabr 2025 12:26
192

Sumqayıtda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Tədbir şəhərin müəyyən olunmuş ərazisində baş tutub və ümumilikdə 100 ədəd dekorativ ağac əkilib.

“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları sırasında YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yer alıblar.

Tədbirin məqsədi həm Zəfər Gününün tarixi əhəmiyyətini bir daha xatırlatmaq, həm də ekoloji dəyərlərin qorunması istiqamətində maarifləndirici təşəbbüsləri təşviq etmək olub. İştirakçılar bildiriblər ki, 8 Noyabr xalqımızın tarixində qürur, birlik və vətənpərvərlik rəmzidir. Bu kimi aksiyalar şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəsildə təbiətə və dövlətçiliyə sevgi hisslərinin aşılanmasına xidmət edir.

Aksiya zamanı ətraf ərazi abadlaşdırılıb, əkilən ağacların qulluq və suvarılma işləri təşkil olunub. Tədbir səmimi və yüksək vətənpərvərlik ruhunda keçib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, belə təşəbbüslər partiyanın sosial məsuliyyət prinsiplərinə əsaslanır və cəmiyyətin ekoloji dəyərlərə daha həssas münasibətinin formalaşmasına töhfə verir. O, həmçinin vurğulayıb ki, Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də milli ruhun, birliyin və yeniləşən Azərbaycanın rəmzidir.

Əkilən ağaclar şəhidlərimizin əziz xatirəsinə ithaf olunub və Zəfər Gününün əbədiyyət simvolu kimi Sumqayıt şəhərinin yaşıllıq sahəsinə əlavə olunub.