Bütün onlayn media resurslarında qrammatik səhvlərə rast gəlinir. Çünki onlayn media üçün əsas prioritet operativlikdir. İfadələrin hamısını düzgün seçmək və yerində işlətmək isə real olaraq mümkün deyil.
“İki sahil” xəbər verir ki, bu fikirləri “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, tələskənlikdən yaranan orfoqrafik və qrammatik səhvlər başadüşüləndir. Daha çox narahatedici məqam üslub səhvləridir.
Vüsalə Mahirqızı Azərbaycan dili üçün imla və üslub səhvlərini yoxlayan süni intellekt əsaslı sistemin yaradılmasına ehtiyac olduğunu söyləyərək deyib: “Dövlət dili haqqında” Qanunda bu istiqamətdə normativlərin müəyyənləşdirilməsi vacibdir. Dünyanın bir çox qabaqcıl ölkələrində dil normalarının pozulmasına görə cərimələr mövcuddur”.