12 noyabr 2025 11:05
55

Suveren Azərbaycan: Keçmişdən Gələcəyə

Hər bir xalqın ən böyük sərvəti onun müstəqilliyidir. Tarixə nəzər salsaq görərik ki, lap qədim zamanlardan dünyanın bir çox xalqları öz azadlıqları uğrunda mübarizə aparıb. Bu xalqların bəziləri tarixin çətin sınaqlarından üzü ağ çıxmağı bacara biliblər. Bəziləri isə başqa bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum olublar. Azadlıq çox böyük nemətdir. Azərbaycan xalqı da öz azadlığı uğrunda əsrlərlə mübarizə aparmış mübariz xalqlardan biridir. Ana yurdumuzun başı hər zaman bəlalı olub. Doğma vətənimiz tarix boyu yadelli işğallarına məruz qalıb. Bunun səbəbi isə ölkəmizin gözəlliyi, füsunkar təbiəti, təbii sərvətlərinin bolluğu olub. Ölkəmiz “qara qızıl” ı , yəni nefti ilə bütün dünyada məşhurdur. Qədim zamanlardan Azərbaycana “Odlar yurdu” adı verilib.

Lakin ölkəmiz yalnız maddi sərvətlərlə zəngin deyil. Onun digər sərvəti də qəhrəman xalqıdır. Azərbaycan xalqı bütün digər türk xalqları kimi qəhrəman, mərd, döyüşkən xalqdır. Azərbaycan xalqının tarixi azadlıq uğrunda mübarizədən ibarət olmuşdur. Xalqın mərd övladları şeirlərdə, mahnılarda vəsf edilib. Bu nəğmələr dillər əzbəri olub. Türk xalqlarının qiymətli xəzinəsi olan “Kitabi - Dədə Qorqud” eposunda da oğuz türklərinin qəhrəmanlığı tərənnüm olunub. Oğuz igidləri dar gündə vətəni yadellilərdən qoruyur, bu yolda qan tökür, lazım gəldikdə öz canlarından keçirdilər. Xalqımızın Babək kimi azadlıq yolunda mübarizə simvoluna çevrilən qəhrəman oğlu olub. O, deyirdi: “ Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”.  Azərbaycan xalqının Şah İsmayıl kimi qüdrətli hökmdarı olub. O, Azərbaycan torpaqlarını vahid bir mərkəzdə birləşdirmiş, Azərbaycan dilini isə dövlət dili səviyyəsinə qaldırmışdı. 1918-ci ilin 28 mayında isə Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Həmin gün həm də Azərbaycanın Müstəqillik Günüdür. Lakin təəssüflər olsun cümhuriyyətimiz cəmi 23 ay yaşaya bildi. Sonra Azərbaycan  Sovet Rusiyasının işğalına məruz qaldı. 1990-cı ilin 20 yanvar hadisəsi bizim qanlı və şanlı tariximizdir. Həmin gün mərd oğullarımız və qızlarımız öz canlarını düşmən gülləsinin qabağında  sipər etdilər. Nəhayət, 1991-ci ilin 18 oktyabrında müstəqilliyimiz bərpa edildi. Bu gün biz müstəqil bir dövlətin – Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bir dövlətin müstəqilliyi onun suverenliyinin ilkin şərtidir.

“Suveren” sözü fransız dilində “ali hakimiyyət” deməkdir. Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, daxili və xarici siyasətdə tamamilə müstəqil olan, başqa dövlətdən asılı olmayan, müəyyən coğrafi əraziyə sahib olan, ali və tək hökuməti olan dövlətdir. Suveren dövlətlər öz fəaliyyətlərini sərbəst şəkildə, dövlət konstitusiyası əsasında həyata keçirir. Deməli, hər bir suveren dövlətin konstitusiyası olmalıdır.

Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını müəyyən edir. Azərbaycan Respublikasının hazırkı konstitusiyasının yaranması Ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Keçən əsrin 90-cı illəri müstəqillik tariximizin ən təlatümlü dönəmi idi. SSR-i dağıldıqdan sonra, yenicə yenicə müstəqillik əldə etmiş Azərbaycan dövləti çox böyük çətinliklərlə qarşılaşdı. Hakimiyyətdəki hərc-mərclik, dövlət sturukturlarının öz fəaliyyətini düzgün yerinə yetirməməsi ölkəni iflic vəziyyətə salmışdı. Bir tərəfdən də 1-ci Qarabağ Müharibəsinin gətirdiyi fəlakətlər vəziyyəti daha  da qəlizləşdirirdi. Vətənimizin dilbər guşəsi Qarabağ və onun ətrafındakı 7 rayon erməni işğalçılarının hücumuna qalırdı. Bu müharibənin nəticəsində torpaqlarımızın 20 % -i işğal altına düşdü.  Belə bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqın təkidlir tələbi ilə hakimiyyətə gəldi və dövlətimizi bu ağır vəziyyətdən xilas etmək üçün mühüm qərarlar qəbul etdi. Bunlardan biri də konstitusiyanın yaradılması idi. 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. O, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət idi. Sonralar 2002-ci, 2009-cu və 2016-cı illərdə konstitusiyaya əlavə dəyişikliklər edildi və maddələrin sayı 164-ə çatdı. Konstitusiyayın yaranması ilə dövlət quruculuğunda yeni mərhələ başladı. Bu ümumi Azərbaycanın 4-cü konstitusiyası idi. AXC dövründə konstitusiya qəbul edilə bilməmişdi. Buna görə də konstitusiya quruluşunun tarixi SSR-i dövrünə təsadüf edir. Lakin 1995-ci ilin 12 noyabrında qəbul edilən konstitusiya artıq müstəqil Azərbaycanın konstitusiyası idi. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə həmin gün “Konstitusiya Günü” elan edildi. Azərbaycan dilinə dövlət dili statusu verildi. Ulu Öndər Heydər Əliyev hakimiyətə gəlişi ilə Azərbaycanda dövlətçilik ənənələrini dirçəltdi. O, Azərbaycan Respublikasının çiçəklənməsi üçün çox mühüm addımlar atdı. Konstitusiyanın qəbul edilməsi də bunların arasında mühüm yer tutur. Bu qanunda insan və vətəndaş hüquqlarının özünəməxsus yeri var. Konstitusiyanın 48 maddəsi insan hüquqları ilə bağlıdır. Burada dilindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların hüquqları təsbit olunub. Konstitusiyamıza müxtəlif illərdə edilən dəyişikliklər də, ali hakimiyyətin, məhkəmə hakimiyyəti orqanlarının və insan hüquqlarının səmərəli təşkilinə yönəlib. Azərbaycanda vətəndaşların hüquqları dövlət səviyyəsində qorunur. Hər bir vətəndaşın öz fikrini sərbəst şəkildə ifadə etmək hüququ vardır.

    Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsində göstərilir ki: “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır, bölünməzdir”. Konstitusiyamızda da suverenlik və ərazi bütövlüyü əsas prinsip kimi müəyyən olunub. 2020-ci ilin 27 sentyabrında ordumuz Ali Baş Komandanın əmri ilə Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı əks hücuma keçdi. Bununla da, 2-ci Qarabağ Müharibəsi başladı. Cəmi 44 gün ərzində işğal altında olan ərazilərimiz müzəffər ordumuzun rəşadəti və Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində işğaldan azad olundu. Bu dövrdə hakimiyyət, ordu və xalq “dəmir yumruq” kimi birləşdi. Bu “dəmir yumruq” müharibənin simvoluna çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev dünyanın müxtəlif media orqanlarından olan jurnalistlərə çox saylı müsahibələr verirdi. Bu müsahibələrdə o, öz kəsərli cavabları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Nəhayət, 10 noyabr tarixində Ermənistan tərəfi kapituliyasiya aktını imzaladı. 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edidi və bu gün “Zəfər Günü” olaraq tarixə həkk olundu. Prezident İlham Əliyev  bu xəbəri 1-ci Fəxri Xiyabandan Azərbaycan xalqına çatdırdı və  qeyd etdi ki, o bu gün “ata vəsiyyəti”ni yerinə yetirib. İlham Əliyev Heydər Əliyev yolunun uğurlu davamçısıdır. Onun uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz beynəlxalq arenada tanınır. Bu qələbə və 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiteror əməliyyatları sayəsində Azərbaycan Respublikasının suverenliyi tam təmin olundu. Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad olunan torpaqlarda da bərqərar oldu. 1 milyondandan artıq məcburi köçkünün konstitusion hüququ bərpa edildi. 2024- cü ildə prezidentin sərəncamı ilə 20 sentyabr “Dövlət Suverenlik Günü” olaraq təsis edilib. 2025-ci ildə konstitusiyamızın yaranmasından 30 il, Vətən Müharibəsindəki zəfərimizdən isə 5 il ötür. Bu münasibətlə 2025-ci il “ Konstitusiya və Suverenlik ili” elan olunub.

Bu gün üç rəngli Bayrağımız işğaldan azad olunan torpaqlarda qürurla dalğalanır. Azərbaycan xalqı bu  zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur. Onların bizə əmanət etdiyi bu vətəni qorumalı və bu qəhrəman xalqın övladı olduğumuz üçün fəxr etməliyik. Vətənimizin parlaq gələcəyi gənclərimizin əlindədir. Azərbaycan gəncliyi öz üstünə düşən bu şərəfli missiyanı layiqincə yerinə yetirməli və müstəqiliyimizin keşiyində durmalıdır.

Röyalə Sovzaliyeva,
Bakı Slavyan Universiteti Sosial elmlər və regionşünaslıq fakültəsinin Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi