13 may 2026 18:45
111

Azərbaycan Cənubi Qafqazda sülhün təşəbbüskarı və təminatçısıdır

Əgər İrəvanla Bakı arasında sülh prosesi davam edirsə, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edib, lazımi addımlar atırsa   Avropanın “müşahidə missiyası”na nə ehtiyac var? Axı bu “missiya”  vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir. Yoxsa, bu, səlibçi təfəkkürün, yaxud neokolonial siyasətin davamıdır?

Bakı Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən münaqişənin ardından regionda davamlı sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində tarixi addımlar atır. Azərbaycanın ciddi səyləri sayəsində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh Bəyannaməsi ilə regionda üç onillikdən çox davam edən gərginliyə son qoyulması və regionda sülhün və əməkdaşlığın təmin olunması hədəflənmişdir. Regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycan Cənubi Qafqazda yeni sülh reallığı formalaşdırıb.

Bu gün Bakının irəli sürdüyü beş prinsip regionda davamlı sülhün təməli kimi çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uğurlu diplomatiyası sayəsində başladılan sülh prosesi regionda sabitlik, qarşılıqlı anlaşma və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Dövlətimizin başçısının regional və qlobal sülh gündəliyinə verdiyi töhfələr xalqların sülhün qorunması və həyata keçirilməsi hüququnun təşviqinin bütün dövlətlərin əsas vəzifəsi olduğunu bütün dünyaya nümayiş etdirir. Ölkəmizin başçısının uzun illərdən bəri sülh, dialoq və qarşılıqlı anlşamanın təşəbbüskarlarından və fəal təşviqatçılarından biri kimi çıxış etməsi sülh şəraitində yaşamağın bütün insanların, dünya xalqlarının müqəddəs haqqı olduğunu bir daha təsdiq edir.

Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır. O da  məlumdur ki, qırx dörd günlük müharibədəki tarixi Qələbə nəticəsində ərazi bütövlüyünü, birgünlük lokal antiterror tədbirləri ilə tam suverenliyini bərpa edən, regionada yeni reallıqlar formalaşdıran Bakı postmüharibə dövründə regionda oyun qaydalarını müəyyən edir.

Azərbaycanın regionda yaratdığı reallıqların sülh və təhlükəsizlik üçün möhkəm əsaslar formalaşdırdığı bütün beynəlxalq tribunalardan etiraf edilir. Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın mümkünsüz olduğu müxtəlif güc mərkəzləri tərəfindən birmənalı vurğulanır.

Sülh gündəliyinə sadiqliyini əməli addımları ilə təsdiq edən Bakı regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesləri üzrə işlərin davam etdirilməsi istiqmətində daim konstruktiv mövqe nümayiş etdirir. Bütün bunların müqabilində Ermənistan da sülh gündəliyinin irəliləməsi istiqamətində əməli addımlar atmalı, saxta forumlarla, şou xarakterli konfranslarla, seminarlarla  manipulyasiya edərək gözə kül üfürməklə məşğul olmamalıdır.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi tarixi irəliləyişlər mərhələsinə qədəm qoyub. Tərəflər sülh sazişinin layihəsi üzərində mühüm irəliləyişlər əldə ediblər. Sülh prosesinin mühüm hissəsi kimi regional kommunikasiya layihələri, o cümlədən beynəlxalq marşrutlar üzrə müzakirələr aparılır.

Təəssüf ki, bəzi dairələr geosiyasi maraqları naminə regionda sülh gündəliyinin irəliləməsinə mane olmaq üçün çirkin vasitələrdən istifadə edirlər. Belə qüvvələrdən biri  xüsusilə Fransanın dəstəklədiyi Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyət göstərən müşahidə missiyasıdır. Sual olunur: Əgər İrəvanla Bakı arasında sülh prosesi davam edirsə, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edib, lazımi addımlar atırsa bu “müşahidə missiyası”na nə ehtiyac var? Axı bu missiya  vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir. Yoxsa, bu, səlibçi təfəkkürün, yaxud neokolonial siyasətin davamıdır?

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə bildirib: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.

Bir məsələni də qeyd edək ki, Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərindən sonra müharibə ritorikasını davam etdirən revanşist qüvvələr hakimiyyətə gələrsə və ölkəmizə qarşı yeni iddialar və təxribatlar baş verərsə  Azərbaycan dövləti bütün lazımi tədbirlər görərək qəti önləyici addımlar atacaq. Heç kim unutmamalıdır ki, Azərbaycan qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı ölkəni darmadağın etdi. Bütün revanşistlərə, koçaryanlara və sarkisyanlara qalib gəldi. Ulu Öndər Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra başladılan mənfur “Qarabağ hərəkatı”nın başçılarını və onların arxasında duran qüvvələri məğlub etdi. Bəlkə də bəziləri bu Qələbənin miqyasını  və tarixi  əhəmiyyətini anlaya bilmir, yaxud da dərk etmir.

Gerçəklik odur ki, Azərbaycan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə Cənubi Qafqazda kök salmış 200 illik tarixi ədalətsizliyə əsaslanan status-kvonu aradan qaldırdı. Buna görə də hər kəs bu şanlı Qələbənin və hazırkı reallığın əhəmiyyətini dərindən dərk edərək qiymətləndirməlidir. Hər kəs birdfələlik anlamalıdır ki, regionda sülhün, sabitliyin, təhlükəsizliyin, rifah və əmin-amanlığın açarı Bakıdadır.

Zahid Rza, “İki sahil”