13 noyabr 2025 02:29
77

Zəfərin dili ilə danışan üç qardaş dövlətin tarixi həmrəyliyi

Azadlıq meydanında keçirilən parad Azərbaycan–Türkiyə–Pakistan birliyinin Avrasiyanın yeni güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi

Hərbi parad anlayışı tarix boyu müxtəlif ölkələrin milli gücünün, müstəqillik qürurunun və ordusunun qüdrətinin nümayiş vasitəsi olub. Lakin hər paradın arxasında yalnız zirehli texnika və nizamla addımlayan əsgərlər dayanmır. Əsl mahiyyət fəxri kürsüdə əyləşən liderlərin kimliyində, səsləndirilən mesajlarda və verilən geosiyasi siqnallarda gizlənir. Azərbaycan üçün isə bu mənzərə 8 Noyabr – Zəfər Günündə Bakının Azadlıq meydanında keçirilən Hərbi parad zamanı özünün ən ali formasında təcəssüm etdi. Bu parad yalnız müharibədə qazanılmış tarixi Qələbənin xatırlanması deyildi; bu, regionda formalaşan yeni siyasi və təhlükəsizlik arxitekturasının rəsmi bəyanatı idi.

Bakı səmasının üzərindən keçən reaktiv təyyarələrin səsi, Azadlıq meydanında addımlayan əsgərlərin ritmi və tribunadan ucalan birliyə çağırışlar dünyanın diqqətini bir nöqtəyə topladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyevin birgə fəxri kürsüdə dayanması artıq bir rəmz deyil, geosiyasi mesaj idi. Bu görüntü regionda və daha geniş mənada Avrasiyada yeni tarazlığın, yeni güc mərkəzinin mövcudluğunu təsdiqlədi. Azərbaycan–Türkiyə–Pakistan qardaşlığı bu paradda sadəcə təntənəli bir siyasi jest kimi yox, reallığa çevrilmiş strateji ittifaq kimi təqdim olundu.

Yeni güc mərkəzinin yaranması

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əzmini, dövlətin iradəsini və ordunun gücünü bütün dünyaya göstərdi. Lakin bu müharibə təkcə Azərbaycanın deyil, həm də onu dəstəkləyən qardaş ölkələrin birliyinin sınağı idi. Türkiyə və Pakistan bu müharibə boyunca Azərbaycanın haqq işinin yanında yer alaraq, təkcə siyasi dəstək deyil, mənəvi bir dayaqlıq nümayiş etdirdilər. Bu dəstək Azərbaycanın mübarizəsini regionun ədalət simvoluna çevirdi.

Məhz bu səbəbdən 8 Noyabr paradı sadəcə hərbi güc nümayişi deyil, üç qardaş ölkənin strateji həmrəyliyinin rəsmi təqdimatı oldu. Fəxri kürsüdə İlham Əliyevlə yanaşı Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərifin yer alması, meydandan keçən hər bir əsgərin addımına mənəvi güc qatdı. Bu mənzərə təkcə xalqın deyil, beynəlxalq ictimaiyyətin də diqqətini çəkdi. Çünki burada artıq söhbət üç ölkənin müvəqqəti siyasi yaxınlığından deyil, ortaq dəyərlərə, dinə, tarixə və strateji maraqlara söykənən sabit bir ittifaqdan gedirdi.

Prezident İlham Əliyevin “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür” sözləri bu birliyin əsas ideoloji bünövrəsini ifadə etdi. Bu, həm də belə bir mesaj idi ki, Azərbaycan artıq tək deyil, onun yanında tarixi, dini və strateji cəhətdən sıx bağlarla birləşmiş müttəfiqlər dayanır.

Liderlərin mesajları...

Prezident İlham Əliyev paraddakı çıxışında həm tarixə, həm də bu günə işıq saldı. O, Türkiyə Prezidentinin İkinci Qarabağ müharibəsinin ilk günlərindən verdiyi dəstəyin mahiyyətini vurğuladı: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”. Bu fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan–Türkiyə ittifaqı artıq “bir millət, iki dövlət” ifadəsindən çıxaraq, praktik və regional təhlükəsizlik sisteminin əsas sütununa çevrilib.

Rəcəb Tayyib Ərdoğanın çıxışı isə bu birliyin emosional və mənəvi əsaslarını daha da dərinləşdirdi: “Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyuram... Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim”. Bu sözlər təkcə siyasi diplomatiyanın deyil, xalqlar arasında yaranmış sarsılmaz qardaşlıq münasibətinin ifadəsi idi.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin “Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu” bəyanatı isə bu üçtərəfli münasibətlər sisteminə daha geniş mənəvi və ideoloji dəyər qatdı. Bu çıxış Azərbaycanın ədalətli mübarizəsini beynəlxalq səviyyədə haqlı mübarizələrin simvoluna çevirdi.

Üç qardaş modeli

Azərbaycan–Türkiyə–Pakistan birliyi artıq regional əməkdaşlıqdan kənara çıxaraq beynəlxalq münasibətlərdə nadir rast gəlinən “Üç qardaş modeli”ni formalaşdırıb. Bu model yalnız qarşılıqlı diplomatik dəstəyə əsaslanmır; o, real hərbi-strateji əməkdaşlıq və ortaq təhlükəsizlik konsepsiyası üzərində qurulub. Bu, postsovet məkanında və Yaxın Şərqdə sabitliyə, suverenliyə və balanslı güc bölgüsünə əsaslanan yeni təhlükəsizlik sisteminin nüvəsini təşkil edir.

Son illərdə keçirilən “Üç qardaş” birgə hərbi təlimləri bu istiqamətdə atılmış ən mühüm addımlardandır. Bu təlimlərdə məqsəd yalnız döyüş bacarığını artırmaq deyil, həm də orduların qarşılıqlı fəaliyyət imkanlarını sinxronlaşdırmaq, müasir hərbi texnologiyaların tətbiqində ortaq standart yaratmaqdır. Bu, faktiki olaraq hərbi ittifaqın əsas funksional elementidir.

Bir strategiyanın iki mərhələsi

Bakıdakı paradın önəmli cəhətlərindən biri də onun Laçında keçirilmiş üçtərəfli liderlər görüşü ilə məntiqi bağlılığı idi. Laçın görüşündə tərəflər postmünaqişə dövrünün siyasi və iqtisadi gündəliyini müəyyən etmişdilər. Əgər Laçın görüşü “Üç qardaş” ittifaqının strateji beyni idisə, Bakı paradı onun polad əzələsi idi.

Laçında müzakirə olunan məsələlər, yəni, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat əlaqələrinin bərpası, enerji təhlükəsizliyi və terrorizmə qarşı birgə mübarizə, artıq bu ittifaqın gələcəyə yönəlmiş konkret proqramı kimi formalaşıb. Bakı paradı isə bu proqramın arxasında dayanan hərbi və siyasi iradəni nümayiş etdirdi.

Zəfərdən gələcəyə

8 Noyabr paradı həm də Azərbaycanın beynəlxalq imicinin güc nümayişi idi. Bu parad bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın sülh çağırışları gücdən doğur. Sülhün təminatçısı olmaq üçün güclü orduya, sarsılmaz müttəfiqlərə və sabit siyasi iradəyə malik olmaq lazımdır. Azərbaycan bu üç elementi birləşdirərək regionda həm təhlükəsizliyin, həm də inkişafın lokomotivinə çevrilib.

Bu mənada 8 Noyabr Hərbi paradı yalnız keçmişin qələbəsini yad etmədi, həm də gələcəyin konturlarını cızdı. O, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının Avrasiyanın geosiyasi reallıqlarına birbaşa təsir edən, heç bir kənar qüvvənin iradəsinə tabe olmayan yeni güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi.

Nigar Orucova, “İki sahil”