Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı müxtəlif mədəniyyətlərin formalaşdığı və ətraf ərazilərə yayıldığı mərkəzlərdən biri olmuşdur. Burada meydana gələn qədim mədəniyyətlərin öyrənilməsi təkcə regional çərçivədə deyil, bütövlükdə Azərbaycan geniş mənada beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. Bölgədə aparılan, xüsusilə müstəqillik illərində intensiv xarakter alan arxeoloji tədqiqatlar nəticəsində ilkin əkinçilik mədəniyyətlərini əks etdirən çoxsaylı abidələr qeydə alınaraq öyrənilsə də, bəzi problemlər hələ də tam şəkildə araşdırılmamış və öz tədqiqini gözləməkdədir. Həllini gözləyən belə problemlərdən biri də Son Neolit dövrü ilə Son Eneolit dövrü arasında əlaqənin öyrənilməsi məsələsi idi. Çox təqdirəlayiq haldır ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrqfiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva qeyd olunan dövrlər arasındakı boşluğun aradan qaldırılması üçün bu mövzuya müraciət etmiş, “Azərbaycanın Naxçıvan diyarının Neolit və Eneolit mədəniyyətləri” adlı monoqrafiya hazırlayaraq nəşr etdirmişdir. AMEA Rəyasət Heyətinin qərarı ilə “APOSTROF-A” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri akademik Nailə Vəlixanlı, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli və tarix elmləri doktoru, professor Əsədulla Cəfərovdur.
Əvvəlcədən qeyd etmək istəyirəm ki, tədqiqatçı müraciət etdiyi mövu ilə əlaqədar qarşıya qoyduğu məqsədə çatmış, bunun üçün müəyyən etdiyi vəzifələrin uğurlu həllinə nail ola bilmişdir. Monoqrafiya Neolit və Eneolit mədəniyyətlərin mənşəyi və yayılma arealı ilə bağlı məsələlərin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Müəllif 2016-cı ildən üzərində işlədiyi bu tədqiqat işində Naxçıvan ərazisindəki Neolit və Eneolit abidələrindən əldə olunan materiallar əsasında Azərbaycanda bu mədəniyyətlərin formalaşdığı coğrafi şərait, onların özünəməxsus xüsusiyyətləri, Cənubi Qafqaz-Yaxın Şərq mədəniyyətləri ilə əlaqəsi və bu mədəniyyətlərin yayılmasını şərtləndirən başlıca amillərlə bağlı problemləri araşdırmışdır.
Azərbaycan arxeologiyası üçün çox böyük aktuallıq kəsb edən, fundamental bir mövzuya həsr olunmuş monoqrafiya yüksək səviyyədə yerinə yetirilmiş tədqiqat işidir. Onun aktuallığını şərtləndirən amillərdən biri Naxçıvan abidələrinin Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri kontekstində tədqiqata cəlb edilməsidir. Azərbaycanın qədim dövr tarixinin beynəlxalq arenaya çıxarılması baxımından bu, olduqca vacib məsələlərdəndir. Həmçinin Cənubi Qafqazda Son Neolitlə Son Eneolit arasında olan boşluğu doldurmaq baxımından tədqiqatlar aparılmasına olan böyük ehtiyac onun aktuallığını artıran cəhət kimi qeyd olunmalıdır. Regionun qədim əkinçilik mədəniyyətlərinin dövrləşdirilməsində Naxçıvan ərazisində aşkar olunmuş yeni abidələrin məlumatları əsasında dəqiqləşdirmələr aparılması da aktual vəzifə kimi qarşıda dayanırdı. Ona görə də Zeynəb Quliyevanın belə bir mövzuya müraciət etməsi və onun uğurlu həllinə nail olması təqdir olunmalıdır.
Dosent Zeynəb Quliyevanın elmi dövriyyəyə təqdim etdiyi monoqrafiyada əvvəlki dovrlərdə aparılan tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri ilə son dövrlərdə muxtar respublika ərazisində aşkar olunan arxeoloji materiallar ilk dəfə olaraq sistemləşdirilmiş və tədqiqata cəlb edilmişdir. Tədqiqat işində bu materiallar kompleks şəkildə təhlil olunmuş və çox maraqlı elmi nəticələr əldə edilmişdir. Onun elmi yenilikləri kifayət qədər çoxdur. Çünki monoqrafiyanın yazılmasında materiallarından istifadə edilən 29 arxeoloji abidənin demək olar ki, əksəriyyəti yenidir.
Əsərdə Neolit dövrü abidələri 3 mərhələdə dövrləşdirilmiş, Naxçıvan bölgəsinin Cənubi Qafqazda keramikalı Neolitin ən qədim ocaqlarından biri olduğu müəyyən edilmiş və burada Neolit mədəniyyətinin formalaşmasında təbii-coğrafi şəraitin rolu əsaslandırılmışdır. Həmçinin Naxçıvanın Neolit mədəniyyətinin Kültəpə mədəniyyəti ilə xarakterizə olunduğu, bu mədəniyyətin yayılma arealı və onu şərtləndirən səbəblər müəyyənləşdirilmişdir. Eneolit dövrü ilə bağı abidələr isə tədqiqatda 5 mərhələdə dövrləşdirilmiş, Erkən və orta Eneolit dövrünün Dalmatəpə mədəniyyəti ilə bağlı olduğu təsdiq olunmuşdur. Son Eneolit dövrünün Ovçulartəpəsi mədəniyyəti ilə təmsil olunduğu və Naxçıvançay vadisində, xüsusilə Yeni yol yaşayış yerində Ovçulartəpəsi ilə yanaşı onun son mərhələsində artıq Leylatəpə mədəniyyətinin əlamətlərinin ortaya çıxdığı təsbit olunmuşdur. Tədqiqatda bu mədəniyyətlərin yayılma arealı müəyyən edilmişdir. Fikrimizcə, əsər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Naxçıvanın qədim və son orta əsrlərdəki tarixi daha geniş təhlil olunmalı, yazılmalıdır” tövsiyyəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində atılmış əhəmiyyətli bir addımdır.
Zəngin arxeoloji materialllar əsasında yazılan və işıq üzü görən monoqrafiya “Giriş”, beş fəsil, “Nəticə”, istifadə olunmuş ədəbiyyatların siyahısı, cədvəllər, illüstrasiyalar, ixtisarların və şərti işarələrin siyahısından ibarətdir. Tədqiqatın aktuallığı, mənbəşünaslıq bazası, öyrənilmə səviyyəsi və tədqiqat zamanı istifadə edilən metodlar haqqında məlumat verilən “Giriş”dən sonra monoqrafiyanın I fəslində Naxçıvan ərazisində paleocoğrafi və paleoekoloji şərait, paleobotaniki və paleozooloji mühit tədqiqata cəlb olunmuşdur. Burada qədim fauna və flora təhlil edilmiş və belə bir nəticəyə gəlinmişdir ki, ərazidə insanların Holosen dövründə məskunlaşmasında, Neolit mədəniyyətinin formalaşmasında coğrafi şəraitin mühüm rolu olmuşdur. II fəsildə Naxçıvanın Neolit mədəniyyətinin mənşəyi, səciyyəvi cəhətləri, əlaqələri və daxili mərhələləri I Kültəpə, Osmantəpə, Naxçıvantəpə, Sədərək və Xələc materialları əsasında araşdırılmışdır. Nəticə olaraq, Kültəpə mədəniyyəti ilə bağlı indiyədək mübahisəli olan məsələlərə aydınlıq gətirilmiş, bu mədəniyyətin xronoloji çərçivəsi dəqiqləşdirilmiş, 3 mərhələdən keçdiyi (KNEM, KNOM və KNSM) və yayılmasını şərtləndirən başlıca amillər müəyyənləşdirilmişdir.
Əsərin III fəslində aparılan təhlillər nəticəsində Naxçıvanın Eneolit dövrü abidələri 5 mərhələdə dövrləşdirilmişdir. Burada Eneolit dövrünün erkən və orta mərhələlərinin Dalmatəpə mədəniyyəti ilə təmsil olunduğu və Naxçıvanın da bu mədəniyyətin əsas formalaşma ocaqlarından olduğu müəyyən edilmişdir. Son Eneolit dövrünün Ovçulartəpəsi mədəniyyəti ilə təmsil olunduğu, finalda isə Leylatəpə mədəniyyəti əlamətlərinin meydana çıxdığı müəyyən edilmişdir. Yeni yol materialları əsasında ilk dəfə olaraq Naxçıvanda Leylatəpə mədəniyyəti keramikası təsbit olunmuşdur.
Tədqiqatın IV və V fəsillərində Cənubi Qafqaz-Yaxın Şərq mədəniyyətləri ilə əlaqələr və Neolit və Eneolit tayfalarının təsərrüfatı, ictimai quruluşu və ideologiyası tədqiqata cəlb olunmuşdur. Burada Naxçıvanın Neolit və Eneolit mədəniyyətinin Yaxın Şərqin Xalaf, Ubeyd, həmçinin Cənubi Qafqazda Şomutəpə, Mil-Qarabağ, Leylatəpə kimi mədəniyyətlərlə əlaqəsi müəyyən edilmiş, Kültəpə, Dalmatəpə, Ovçulartəpəsi mədəniyyətlərinin yayılmasında onların daşıyıcılarının məşğuliyyəti və mobil həyat tərzinin həlledici təsiri olduğu müəyyən edilmişdir. Qeyd etmək yerinə düşər ki, monoqrafiyanın bu və digər fəsillərində tədqiqatın əyaniliyini təmin edən zəngin arxeoloji materiallardan istifadə edilməsi müəllifin işə məsuliyyətlə yanaşdığından xəbər verir.
Əsərin “Nəticə” hissəsində müəllif tədqiqat zamanı əldə etdiyi qənaətləri ümumiləşdirmişdir. Nəticələr elmidir və etibarlı qaynaqlara söykənir. Fikrimizcə, onun gəldiyi ən mühüm nəticələrdən biri ondan ibarət olmuşdur ki, Naxçıvan ərazisində ardıcıl inkişaf edən Neolit və Eneolit dövründə bir-biri ilə genetik bağlara malik olan arxeoloji mədəniyyətlərin yayılma arealı müəyyən edilmişdir. Müəllifin fikrincə, Kültəpə, Dalmatəpə və Ovçulartəpəsi mədəniyyətləri Naxçıvan-Mil-Qarabağ-Ağrı vadisi – Urmiya bölgələrini əhatə edən tarixi Azərbaycan ərazilərində formalaşmışdır.
Monoqrafiya müxtəlif dillərdə nəşr olunmuş zəngin ədəbiyyat materiallarından istifadə edilməklə yazılmışdır. Bu zaman Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq son illərin çap məhsullarına üstünlük verilmişdir. Tədqiqatın yazılması zamanı istifadə edilən arxeoloji materialları əks etdirən 200-ə yaxın tablonun monoqrafiyaya əlavə edilməsi əsərin sanbalını və əhəmiyyətini daha da artırır. Tablolardakı foto-şəkillərin rəngli verilməsi onların mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Neolit və Eneolit dövrləri üzrə ayrı-ayrılıqda sistemləşdirilən həmin materialların əksəriyyətini tədqiqatçının görkəmli arxeoloq, həm də müəllifin elmi məsləhətçisi olmuş görkəmli arxeoloq, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə AMEA Naxçıvan Bölməsində yaradılmış arxeoloji ekspedisiyaların, həmçinin Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyasının tərkibində iştirak etdiyi abidələrdən aşkar olunan arxeoloji materiallar təşkil edir.
Təqdirəlayiq haldır ki, Zeynəb Quliyeva Naxçıvan ərazisindəki abidələrin qazıntısında müntəzəm olaraq iştirak etmişdir və kifayət qədər çöl təcrübəsinə malikdir. Qeyd etmək istərdim ki, tədqiqatçının bu ekspedisiyaların tərkibində sistemli və ardıcıl şəkildə iştirak etməsi onun bir arxeoloq kimi yetişməsində mühüm rol oynamışdır. O, qazıntılar zamanı əldə olunan materialları – maddi-mədəniyyət nümunələrini ekspedisiya rəisinin – professor Vəli Baxşəliyevin razılığı ilə tədqiqata cəlb etmişdir. Bu da monoqrafiyanın elmi-praktik sanbalını daha da artırmışdır. Həmçinin tədqiqatçı bu materiallarla kifayətlənməyib, vaxtı ilə sələfləri tərəfindən işlənmiş, ancaq hesabat səviyyəsində təqdim olunmuş bir sıra abidələrin materiallarını da tədqiqata cəlb etmişdir. Bunun üçün o, dəfələrlə Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun fondlarında saxlanan materiallara müraciət etmiş, onları öyrənmiş və monoqrafiyaya daxil etmişdir. Bütün bunların nəticəsində ortaya belə sanballı bir iş qoyula bilmişdir.
Mən dosent Zeynəb Quliyevanı 2012-ci ildən, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda işləməyə başladığı vaxtdan tanıyıram. İnstitutun direktoru kimi onun həmin vaxtdan sonrakı elmi fəaliyyətini yaxından izləmişəm. İnstitutda və Bölmədə keçirilən tədbirlərdə, xüsusilə seminarlarda çıxışları ilə diqqəti cəlb etmişdir. Onun fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirəsinə rəhbərlik etmişəm. Nəticədə onu zəhmətkeş, çalışqan, işinə məsuliyyətli, geniş mütaliəsi olan, daim öz üzərində işləyən ciddi bir tədqiqatçı olması qənaətinə gəlmişəm. Onun arxeoloq kimi yetişməsində elmi məsləhətçisi, təcrübəli və tələbkar arxeoloq Vəli Baxşəliyevin əməyini də xüsusi qiymətləndirmək lazımdır. Çünki Zeynəb Quliyeva Vəli müəllimin rəhbərliyi ilə demək olar ki, bir arxeoloji məktəb keçmiş, işinin incəliklərinə bələd olan zəhmətkeş bir arxeoloqa çevrilmişdir.
Yekun olaraq tarix elmləri doktoru, dosent Zeynəb Quliyevanı yenicə elmi dövriyyəyə daxil etdiyi və elmi ictimaiyyətin diqqətinə çatdırdığı çox sanballı “Azərbaycanın Naxçıvan diyarının Neolit və Eneolit mədəniyyətləri” adlı monoqrafiyası münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, Azərbaycan arxeologiya elminə, bütövlükdə tarixşünaslığımıza çox sanballı və böyük elmi töhfə olan monoqrafiya təkcə arxeoloqlar tərəfindən deyil, Azərbaycanın qədim dövr tarixi ilə məşğul olan tədqiqatçılar, magistrlər, bütövlükdə elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacaqdır.
Hacıfəxrəddin Səfərli,
AMEA-nın müxbir üzvü,
Naxçıvan Dövlət Universitetinin professoru