13 noyabr 2025 15:56
81

Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi və icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın, dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə verəcək.

Görüş zamanı nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, suvarma sistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqinin ölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyi səbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aid olması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənar mənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kənd təsərrüfatında istifadə edilən suyun toplanması, nəqli və istifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqinin aqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib. Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası və təsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yeni pilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.