12 noyabr 2025 22:14
181

Qış fəsli yaxınlaşır - Bəs, istilik təchizatı hansı səviyyədədir?

“Azəristiliktəchizat” ASC-nin gördüyü hazırlıq tədbirləri nəticəsində qazanxanalar yenilənib, istilik xətləri sınaqdan keçirilib, vətəndaşların rahatlığı diqqət mərkəzində saxlanılır

Payız-qış mövsümündə əhalinin və dövlət müəssisələrinin istiliklə fasiləsiz təmin olunması məqsədilə “Azəristiliktəchizat” ASC tərəfindən mühüm tədbirlər həyata keçirilir. Mövsüm öncəsi görülən hazırlıq işləri çərçivəsində istilik mənbələrinin texniki vəziyyəti yoxlanılır, qazanxanalarda və istilik xətlərində zəruri təmir-bərpa işləri aparılır, enerjidaşıyıcıların səmərəli istifadəsi istiqamətində qabaqlayıcı tədbirlər görülür.

Son illər “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən yeniliklər və müasir idarəetmə mexanizmlərinin tətbiqi istilik təsərrüfatının dayanıqlığını artırıb. Bununla yanaşı, əvvəlki illərdən qalan problemlərin mərhələli şəkildə həlli, müasir texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin yüksəldilməsi qarşıdan gələn mövsümdə vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir. Müəssisə tərəfindən payız-qış mövsümünə hazırlıq prosesi daim diqqət mərkəzində saxlanılıb və görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi nəzarətə götürülüb.

Bir neçə gündən sonra Azərbaycanda 2025-2026-cı illərin payız-qış mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC tərəfindən istilik təsərrüfatlarında görülən hazırlıq işləri, əvvəlki illərdən qalan problemlərin həlli və həyata keçirilən yeniliklər barədə quruma ünvanladığımız sorğunu qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı cavablandırıb.

- Cari ilin payız-qış mövsümünə hazırlıqla bağlı hansı işlər görülür?

- Payız qış mövsümü ilə bağlı hazırlıq işləri davam edir. “Azəristiliktəchizat” ASC-nin balansında hazırda 550 qazanxana var və bütün qazanxanalar tam hazır vəziyyətdədir. Respublika ərazisində “Azəristiliktəchizat” ASC-nin 1000 km-dən artıq magistral və məhələdədaxili xətlər var.

Həmin xətlər mövsümə hazırlıq çərçivəsində dəfələrlə hidrovik təzyiqlə yoxlanılıb. Axıntı, qəza riski olan xətlər cari və əsaslı şəkildə təmir-bərpa olunub və lazımı yerlərdə də dəyişdirilib. Bir sözlə, istilik mövsümünə tam hazırıq.

- Abonentlərin istilik təminatının yüksəldilməsi və xidmətin keyfiyyətinin artırılması istiqamətində nə kimi yeniliklər var?

- Bu il abunentlərin istilik təminatının yüksəldilməsi və xidmətin keyfiyyətinin artırılması istiqamətində bu il əsas yenilik ondan ibarətdir ki, paytaxtın 5 rayonunda – Yasamal, Nərimanov, Nizami, Pirallahı və Səbail rayonlarında, ümumilikdə 7 qazanxana sökülüb və yerində yenisi tikilir. Mövsümün ilk gününə qədər həmin qazanxanaların istifadəyə verilməsi gözlənilir. Müasir tipli qazanxanalar ən son avadanlıqlarla təmin olunublar ki, bu da istilik xidmətinin keyfiyyətinin artırılması deməkdir. Bununla da onlarla binanın, minlərlə mənzilin və qeyri-əhali istehlakçı qrupunun mərkəzləşdirilmiş qaydada istilik ilə təminatında keyfiyyət artımına imkan verəcək.

- Abonentlərdən istilik təminatının ödənişinin yığım prosesi necə həyata keçirilir? Bu istiqamətdə çətinliklər necə aradan qaldırılır?

- 2023-cü ildə əhali istehlakçı qrupu üzrə 71.3%, ümumilikdə isə 86,8 %, 2024-cü ildə əhali qrupu üzrə 77,6 %, ümumilikdə 89,3%, 2025-ci ildə əhali qrupu üzrə 88,9%, ümumilikdə 88,7% ödəniş təmin edilib. Heç ödəniş etməyən əhalinin borcu 4 444 523 manat təşkil edir.

Ödənişlərlə bağlı rəqəmlərdən də aydın görünür ki, bu sahədə artım müşahidə olunub. Ödənişlərin edilməsində dinamika var. Bu istiqamətdə mövcud çətinlikləri həm media vasitəsilə çağırışlar edərək, həm fərdi qaydada, həm də blokların önlərində elanlar və xəbərdarlıqlar yerləşdirməklə aradan qaldırmağa çalışırıq.

- Bəs, istilik sayğaclarının quraşdırılması istiqamətində hansı addımlar atılır?

- İstilik sayğaclarının quraşdırması istiqamətində əhali istehlakçı qrupu üçün 60 yeni sayğac alınıb və Bakıda Nizami rayonunda pilot layihə olaraq həmin sayğaclar binaların önündə yerləşdirdib. Yəni, hər bir mənzilə yox, hələ ki, pilot layihə olaraq binaya yerləşdirdib və onu da qeyd edim ki, ödənişlər hazırda sayğacla olmayacaq, bu pilot layihədir. Biz texniki baxımdan hələ bu sayğacları yoxlayırıq, yəni, bu il sadəcə pilot layihə olaraq bəzi yoxlamalar və araşdırmalar məqsədi ilə bir neçə binaya gedən istilik xətlərinə həmin sayğaclar quraşdırılıb.

Gələcəkdə həmin sayğacları qeyri-əhali istehlakçı qrupu üzrə abonentlər özləri ödəniş edərək əldə edəcəklər. Əhali istihlakçı qrupu üçün isə dövlət tərəfindən və ya “Azəristiliktəchizat” ASC tərəfindən həmin sayğaclar alınıb quraşdırılacaq.

- İstilik təchizatında mövcud problemlərin həlli istiqamətində hansı işlər görülür?

- Problemlərin aradan qaldırılması istiqamətində köhnə qazanxanların sökülüb yenidən tikilməsi ən mühüm addımlardır. Ötən il 5 qazanxana, bu il isə 7 köhnə qazanxana sökülərək yerində yenisi tikilib. Problemlərin tam aradan qaldırılması üçün həm də binadaxili, mənzildaxili problemlərin həlli də vacibdir. Yəni, binanın balans saxlayıcıları binalarda istilik xətlərinə nəzərət etməlidir. O cümlədən də mənzil sahibləri mənzildə istilik xətlərinə və radiatorlara nəzərət etməlidirlər. Vətəndaşlar həm binada, həm də mənzildə radiatorların dövriyyəsinə maneə olmamalıdırlar. Mərkəzləşdirilmiş qaydada istiliklə bağlı problemlərin böyük əksəriyyəti, bəlkə də 70-80%-i binadaxili və mənzildaxili problemlərlə əlaqədardır. Radiatorlara havasının buraxılması, yuyulması istiqamətində mütəmadi olaraq texniki cəhətdən qulluq göstərilməlidir.

Orxan Vahidoğlu, “İki sahil”