Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hərbi paraddakı çıxışında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təntənəsi kimi onu da qeyd etdi ki, Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazıldı
Şanlı Qələbəmizin beşinci ildönümünə həsr olunan Hərbir parad Azərbaycanın malik olduğu imkanlarla yanaşı, Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə-Pakistan birliyinin, həmrəyliyinin nümayişi oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi paradda səsləndirdiyi «Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi» fikirləri hər birimizi qürurlandırdı, eyni zamanda, bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına yönəltdi. Qardaş Türkiyənin Prezidenti, xalqı Azərbaycana dəstəyini müharibənin sonunadək davam etdirdi. Bütün küçə və meydanlarımızı Azərbaycan və Türkiyə bayraqları bəzədi. Türkiyə xalqı Azərbaycan Silahlı Qüvvələrinin 44 günün hər günündə tariximizə yazdıqları Zəfər səhifələrinin sevincini bizim qədər yaşadı. Sözügedən Hərbi parad bir daha həmin anları göz önünə gətirdi, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını, əbədiliyini təsdiqlədi.
Şanlı Zəfərimizin təqdimatında əhəmiyyətli rol oynayan 2020-ci il 10 dekabr Zəfər paradı da Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi kimi diqqətdə oldu. Azərbaycan və Türkiyə prezidentlərinin paradda birgə iştirakları, hər iki ölkənin hərbçilərinin yanaşı dayanmaları dünyaya bir daha mesaj oldu. Tarixi Zəfərimizin reallıqları fonunda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də bu birliyin təqdimatıdır. Bu birlik yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının birliyi kimi xarakterizə edilir. Zəfərimizin beşinci ilinə həsr edilən Hərbi parad da bunun təsdiqi oldu. Cənab İlham Əliyev paraddakı çıxışında «Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür.» fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünyaya nümunədir. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olsun. Hər bir səfər, önəmli hadisə keçilən yolun təhlilini, iki ölkənin möhkəm təmələ əsaslanan münasibətlərinin tarixini təhlil etməyi bir zərurət kimi qarşıya qoyur. Bu fakt daim xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi münasibətlərimizi daha da möhkəmləndirdi və yeni istiqamətlərin müəyyənləşdirilməsinə stimul oldu. Daim çıxışlarında «Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır» söyləyən cənab İlham Əliyev onu da vurğulayır ki, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd edir ki, əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra ölkəmizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsi əsas götürülərək bütün məsələlərdə iki dost ölkə bir yerdədir, bir nöqtəyə vurur. Cənab İlham Əliyevin bildirdiyi kimi, biz öz gücümüzə güc qatırıq. Təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcək.
Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda Türk dünyasının birliyini, həmrəyliyini görür. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına töhfələri böyükdür. Dövlət başçısı İlham Əliyev ötən il ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu reallığı diqqətə çatdırmışdır ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, ərazidir, hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Tarixi Zəfərimizdən ötən beş ilin reallıqlarına diqqət yetirək. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və bununla da təşkilatın beynəlxalq nüfuzu artırıldı. TDT türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirərək birgə maraqları müdafiə edir. Prezident İlham Əliyev 2021-ci ilin noyabrında İstanbulda keçirilən TDT-nin VIII Zirvə görüşündə çıxış edərək Türk dünyasının birliyinin vacibliyini vurğuladı və türk dövlətlərini qarşılıqlı dəstəyi artırmağa çağırdı: «Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.» Prezident İlham Əliyev TDT-nin digər Zirvə toplantılarında da çıxışları zamanı Türk dünyasının vahid bir strategiya ilə birləşməsinin əhəmiyyətini qeyd edir. Dövlətimizin başçısı çıxışlarında xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi, ortaq maraqların müdafiə edilməsi və türk dünyasının beynəlxalq səviyyədə daha da güclənməsi məsələlərini gündəmə gətirir. Azərbaycanın və Türkiyənin Türk Dövlətləri Təşkilatındakı əsas rolu təşkilatın iqtisadi inkişafını və siyasi stabilliyini təmin etməkdir. Hər iki ölkə bir-birini dəstəkləyir və təşkilatın birgə layihələrində fəal iştirak edirlər.
Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. İki ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Bu gün Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi gündəmdədir. Reallıq budur ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. Azərbaycan və Türkiyə prezidentləri sözügedən hərbi paraddakı çıxışlarında bu məqamlara xüsusi diqqət yönəltdilər. Rəcəb Tayyib Ərdoğan «Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir» söyləyərək onu da qeyd etdi ki, «Əsrin müqaviləsi», “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk: «Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram.»
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006 və 2007-ci illərdə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.
İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli oldu. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, 2023-cü ildə Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Belə ki, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi dəyərləndirildi və bu əminlik ifadə olundu ki, layihə uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. O da məlumdur ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalanmışdır. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrıldı. Layihə 2023-cü ildə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Dövlət başçısı İlham Əliyevin bu ilin martında qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etdilər. «Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İqdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bir il yarım bundan əvvəl bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik. Bu gün Türkiyə ilə Azərbaycan -iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Mərasimdə o da qeyd edildi ki, bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Bizim birgə həyata keçirdiyimiz enerji, eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz, həm də daha geniş coğrafiya, xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası, faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.
Tarixi dostluqdan strateji müttəfiqliyə qədər gedən yolu təhlil etsək Azərbaycan-Türkiyə qardaşlığının böyük gələcəyi olduğunu əminliklə qeyd edə bilərik. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb. İki ölkənin ortaq tarixi, mədəniyyət və dil bağları bu əlaqələri daha da möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə bu müstəqil dövləti dəstəkləyərək diplomatik əlaqələrini genişləndirmişdi. Lakin Sovet İttifaqı dövründə iki ölkə arasında əlaqələr əsasən qeyri-rəsmi şəkildə mövcud olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başladı. Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkə oldu. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dərin əməkdaşlıq qurulub. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib, həmçinin iqtisadi inkişaf sahəsində bir çox layihələrdə iştirak edib.
Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyır. Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlər və silah tədarükü sahələrində davam edir. Ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir. Cənab İlham Əliyev bildirir ki, İkinci Qarabağ savaşı və ondan üç il sonra 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar var.
2023-cü ilin fevralında qardaş ölkədə baş verən dəhşətli zəlzələ böyük fəlakətlərə yol açdı. Bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi. Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsi oldu. Yaşayış massivinə “Azərbaycan” məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunun simvolu olan abidə ucaldıldı. Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir.
«Azərbaycan» məhəlləsi təkcə bir yaşayış məkanı deyil, eyni zamanda, Azərbaycan və Türkiyənin qardaşlığının, sarsılmaz dostluğunun və fəlakət zamanı bir-birinə necə dayaq olduqlarının əyani sübutudur. Bu layihə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə dost və müttəfiq deyil, həm də eyni ruhu, eyni taleyi bölüşən “Bir millət, iki dövlət” anlayışına sahib qardaş ölkələrdir. Bu layihələr ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır və regionda sülhün, sabitliyin təminatına töhfə verir.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Təhsil sahəsində əməkdaşlığın da genişləndirilməsi əsas çağırışlar sırasındadır. Cənab İlham Əliyevin ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra qardaş ölkəyə səfəri zamanı imzalanan sənədlər sırasında təhsil sahəsi xüsusi yer tutdu. Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. «Bu, gələcəyə yönəlmiş təşəbbüsdür» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Bu əminlik də ifadə edildi ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, hazırkı dövrün əsas hədəfi azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılmasıdır ki, Azərbaycan burada da qardaş Türkiyənin dəstəyini görür. Bu ərazilərdə Türkiyə şirkətləri fəaliyyət göstərir. Tarixi Zəfərimizin ilk günündə aparılan və qısa müddətdə başa çatan mühüm obyektlərin açılışını Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan etdilər. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının sevincini bizimlə eyni yaşayan qardaş ölkə hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə öz dəstəyini verməkdən qürur hissi keçirir.
İki qardaş ölkənin münasibətlərinin qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. Tarixin sınağından çıxaraq strateji müttəfiqlik səviyyəsinə qədər yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməl mövcuddur. Prezident Rəcəb Tayyib Ərdoğan Hərbi paraddakı çıxışında «Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik» söylədi və bildirdi ki, Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk: «Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm.»
Yeganə Əliyeva, «İki sahil»
Xalqa xidmət edin, xalqla bir yerdə olun - Prezidentin icra başçılarına tapşırığı
Xəzər rayonunda Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi qeyd edilib